Niderlandda təmizlik işçiləri 6 günlük tətilə hazırlaşır


Niderlandda təmizlik sektorunun işçiləri “Sxiphol” hava limanında, ölkənin dəmir yolu vağzallarında və universitetlərdə yenidən tətil edəcəklər.

AFN.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Niderland Həmkarlar İttifaqları Federasiyasının (FNV) nümayəndəsi Karolin Lambertin sözlərinə görə, tətil oktyabrın 9-dan 14-dək davam edəcək. Bundan əlavə, FNV oktyabrın 13-də ümummilli etiraz aksiyası keçirməyi planlaşdırır.

Etirazlara səbəb təmizlik sektorunda yeni kollektiv əmək müqaviləsi ilə bağlı fikir ayrılığıdır. İşəgötürənləri birləşdirən “Schoonmakend Nederland” təşkilatı müqaviləni FNV-nin iştirakı olmadan CNV həmkarlar ittifaqı ilə imzalayıb. FNV üzvlərinin 80 faizindən çoxu razılaşmanın şərtlərini rədd edib.

Təmizlik işçiləri inflyasiyanın kompensasiya edilməsini, əməkhaqlarının və əlavələrin daha çox artırılmasını, xəstəlik səbəbindən işə çıxmadıqları müddətdə gəlirlərinin azalmasının qarşısının alınmasını tələb edirlər.

İyulun 1-dən qüvvədə olan kollektiv müqaviləyə əsasən, növbəti iki il ərzində əməkhaqları 6,1 faiz artırılacaq. Sənəddə həmçinin müddətsiz əmək müqavilələrinə daha sürətli keçid və nəqliyyat xərclərinin kompensasiyası ilə bağlı şərtlərin yaxşılaşdırılması nəzərdə tutulur. Bu kompensasiyadan əlavə 85 min işçi yararlanacaq, ödənişin məbləği isə hər kilometr üçün 25 avro sentə çatdırılacaq.

Niderlandın təmizlik sektorunda ümumilikdə təxminən 120 min nəfər çalışır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu