İspaniyada ilk dəfə ev alanlara 50 min avroyadək faizsiz kredit veriləcək
İspaniya hökuməti parlamentin ötən həftə rədd etdiyi mənzil siyasəti ilə bağlı iki kral dekretini yenidən təsdiqləyib.
AFN.az xəbər verir ki, bu barədə EFE məlumat yayıb.
Baş nazir Pedro Sançes bildirib ki, Nazirlər Şurası əvvəlki qərarlara bəzi dəyişikliklər və əlavələr etməklə iki yeni dekret qəbul edib. Tədbirlərdən biri ilk dəfə mənzil almaq istəyənlər üçün 50 min avroyadək faizsiz kreditlərin verilməsini nəzərdə tutur.
Dekretlərdə həmçinin mənzildən çıxarılmalardan müdafiənin gücləndirilməsi, mənzillərin spekulyativ məqsədlə alınmasına məhdudiyyətlərin tətbiqi, mövsümi kirayənin tənzimlənməsi və turist mənzillərinə 10 faiz ƏDV tətbiqi kimi tədbirlər yer alır.
İspaniya parlamenti oktyabrın 2-də hökumətin mənzillə bağlı iki təşəbbüsünü dəstəkləməyib. Bundan sonra ölkədə növbədənkənar seçkilərin noyabrın 29-da keçirilməsi elan olunub. Parlament buraxıldığı üçün dekretlərin təsdiqi məsələsinə Deputatlar Konqresinin Daimi Deputasiyası baxacaq. EFE-nin məlumatına görə, hökumətin bu qurumda ən azı bir dekretin təsdiqi üçün kifayət qədər səs toplamaq imkanı var.



