“AzTelekom” və “BakTelekom”un təbii inhisarçı siyahısında nə işi var?!


Bir çox sahələrdə olduğu kimi telekommunikasiya sektorunda da dövlətin sahibkar kimi iştirakı uzun illərdir müzakirə mövzusudur. Ekspertlər hesab edir ki, dövlət qurumu nəinki kommersiya ilə məşğul olmalı, hətta sektorun tənzimləyici funksiyası da müstəqil qurumda olmalıdır. Məhz, 2016-cı il 6 dekabrda prezident fərmanı ilə təsdiq edilən “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi”ndə də dövlətsizləşdirmə nəzərdə tutulmuşdu.



Yol Xəritəsində hədəflənən prioritetlərdən biri də telekommunikasiya bazarının liberallaşdırılması idi. Sənəddə özəlləşdirilməsi nəzərdə tutulan 2 qurum diqqət çəkirdi: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzTelekom” MMC və Bakı Telefon Rabitəsi İstehsalat Birliyi. Bu qurumların özəlləşdirilməsi nəzərdə tutulsa da bu, baş verməyib. Bu yazının mövzusu əsasən özəlləşdirmə deyil, sözügedən qurumların təbii inhisarçı subyektlərinin siyahısına əlavə edilməsidir. Burada söhbət heç də həmin təşkilatların dövlət qurumu olmasından getmir, çünki təbii inhisarçı özəl şirkət də ola bilər, dövlət də. Burada əsas sual odur ki, bu qurumların fəaliyyət növləri təbii inhisarçının tələblərinə cavab verirmi?

Təbii inhisar anlayışı bu qurumlara uyğun deyil

İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, telekommunikasiya şirkətlərinə münasibətdə antiinhisar qanunvericiliyində olan ziddiyətli müddəalar var. O, xatıraldır ki, Nazirlər Kabinetinin 19 iyul 2013-cü il qərarına əsasən, “AzTelekom” MMC, “Bakı Telefon Rabitəsi” MMC kimi dövlət rabitə şirkətləri təbii inhisar subyektlərinin siyahısına daxil edilib: “Halbuki “Antiinhisar fəaliyyəti haqqında” və “Təbii inhisarlar haqqında” qanunlarda müəyyənləşdirilən “təbii inhisar” anlayışı bu qurumların fəaliyyətinin xarakterinə uyğun deyil. Bu sənədlərdə təbii inhisar dedikdə, istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə tələbatın ödənilməsi daha səmərəli olan və inhisar subyektlərinin istehsal etdiyi əmtəə (xidmət) istehlakda başqa əmtəə (xidmət) ilə əvəz edilə bilməyən bazar vəziyyətidir. Lakin real təcrübədə həm sabit telefon, həm də genişzolaqlı internet xidmətləri bazarında çoxsaylı bazar oyunçuları, eləcə də özəl subyektlər mövcuddur”.
Ekspert hesab edir ki, belə vəziyyətdə dövlətin təbii inhisar subyekti hesab olunan və rəqibləri tərəfindən əvəzlənə biləcək telekommunikasiya şirkətləri müvafiq siyahıdan çıxarılmalıdır: “Təbii inhisarlar haqqında” Qanunun “təbii inhisar subyektlərinin fəaliyyət sahələri” adlanan 5-ci maddəsindən rabitə xidmələrinin çıxarılması vacibdir”.
Hüquqşünas Eldar Qocayev deyir ki, əgər bazar iqtisadiyyatına keçiriksək, telekommunikasiya sektorunda maksimum özəlləşdirmə olmalıdır: “Bu sahənin özəlləşdirilməsi ölkədə aparılan iqtisadi siyasətdən asılıdır. Özəlləşdirmə bazar mühitinin formalaşması, liebral bazar münasibətlərinin qurulmasının tərkib hissəsidir. Rabitə sahəsi özəlləşdirilməlidir. Burada yeni oyunçular dəvət olunmalıdır. Bu sahəyə yeni oyunçular buraxılsa, daha yaxşı rəqabətli mühit formalaşar”.
Hüquqşünas diqqəti ona çəkir ki, Azərbaycanda təbii inhisar subyektləri əsasən dövlət şirkətləridir: “Avropda isə belə deyil. Təbii inhisarçıların 3-40 faizi özəl şirkətlərdir”.

Özəl şirkətlərə hansı problem yaradılır?

Əslində, mediada həm “AzTelekom”dan, həm “BakTelekom”dan tez-tez şikayətlər yazılır. Bu şikayətlər sadəcə istifadəçilərin deyil, həm də sektorda fəaliyyət göstərən özəl şirkətlərdəndir. Belə ki, özəl provayderlər ADSL xidmətini göstərmək üçün məcburdurlar ki, Telekommunikasiya Qovşaqlarının binasından və onlara məxsus telefon xətlərindən istifadə etsinlər. “AzTelekom” isə kommersiya səlahiyyətləri olduğdu üçün özəllərin müştərilərini onların razılığı olmadan “AzTelekom” şəbəkəsinə keçirir.
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, bu qurumların dövlət şirkəti olması, həmçinin təbii inhisar siyahısına salınması xidməti aşağı salıb: “İnternetin zəif olmasının əsas səbəbi odur ki, internet bazarında sərbəst və azad rəqabət yoxdur. Əsas pay dövlətə məxsusdur, dövlətin özünün provayderləri var. İnternet alış -verişi ilə məşğul olan provayderlərin çəkisi 60 faizidir. Özəl sektora yer qalmır. “BakTelekom”, “AzTelekom” dövlət şirkərləridir. Dövlət şirkətləri üçün daha güzəştli şərtlər tətbiq olunur. Ciddi problem belə yaranır, bu da özünü internetin keyfiyyətində və qiymətində göstərir.”

“BakTelekom” və “AzTelekom” MMC olsa da…

O. Gündüz əlavə edir ki, Azərbaycan az saylı ölkələrdəndir ki, bu sektor üzrə özəlləşmə getməyib: “BakTelekom” və “AzTelekom” MMC olsa da, dövlətindir. Müstəqil tənzimləyici qurumun yaradılması vacibdir. Nazirliyin kommersiya səlahiyyətlərinə son qoyulmalıdır, bu vəziyyətin özü bazara ən böyük zərbə vurur. Zamanında özəl provayderlər hədlərini aşırdılar, dövlət bunu tənzimləmək üçün öz provayderini yaratdı. Amma indi vəziyyət tərsinə dəyişib, özəl provayderlər qiyməti salmaq istəyir, dövlət şirkəti imkan vermir”.

Bəkir Nərimanoğlu



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu