“Əşyalar interneti: müasir cəmiyyətin təməli” mövzusunda 2-ci Xəzər İnnovasiya Konfransı keçiriləcək




“Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi çərçivəsində 4 dekabr tarixində 2-ci Xəzər İnnovasiya Konfransı keçiriləcək. Builki konfrans “Əşyalar interneti: müasir cəmiyyətin təməli” mövzusuna həsr edilib.



Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Beynəlxalq Telekommunikasiya İttifaqı, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Kembric Mərkəzi Asiya Forumu, “Aztelekom”, “Baktelekom”, Məlumat Hesablama Mərkəzi və “Azercell”in tərəfdaşlığı ilə təşkil olunan konfransda Azərbaycan, Belarus, Xorvatiya, İran, Rusiya və Türkiyənin sahəvi nazirlərinin və digər yüksək rütbəli şəxslərin çıxışları planlaşdırılır.

Tədbirdə “Əşyalar interneti” üzrə həllərin inkişaf modelləri, habelə infrastruktur, sənaye və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə bu texnologiyaların tətbiqi üçün hüquqi-tənzimləmə məsələləri müzakirə olunacaq.

Konfrans çərçivəsində region ölkələrinin hökumət rəsmiləri, tənzimləyici qurumların rəhbərləri, beynəlxalq təşkilatların, mobil operatorların, qlobal vendorlar və inteqrator şirkətlərin yüksək səviyyəli nümayəndələri bir araya gələcək.

Növbəti illərdə Xəzər İnnovasiya Konfransının “Süni intellekt”, “Rəqəmsal startaplar və innovativ sahibkarlıq”, “Dördüncü sənaye inqilabı”, “Elm tutumlu istehsalat”, “Kiberhazırlıq” və s. kimi mövzuları əhatə etməsi nəzərdə tutulur.

Ötənilki Xəzər İnnovasiya Konfransı “Dayanıqlı inkişaf naminə rəqəmsal bağlantı” mövzusunda təşkil olunmuşdu. Avrasiyanın bir çox ölkələrinin açıq dənizlərə və mövcud genişzolaqlı internet magistrallarına çıxışının olmadığı bir şəraitdə adıçəkilən mövzuda bu cür beynəlxalq tədbirin təşkili böyük əhəmiyyət daşıyırdı.

Qeyd edək ki, innovasiya və yüksək texnologiyalar sektorunun bütün iştirakçıları arasında səmərəli əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədilə regional platforma rolunu oynayacaq Xəzər İnnovasiya Konfransının təsis edilməsi təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi çıxış edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu