Makrona müraciət edən fransalı vəkil: "Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir"


"Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir. Bu yolla Azərbaycan ilə Ermənistan arasındakı münasibətlər normallaşa və sülhə nail oluna bilər".

Bunu "Report"un yerli bürosuna açıqlamasında fransalı vəkil, Paris Vəkillər Kollegiyasının üzvü, bu yaxınlarda Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı hökumətə petisiya ünvanlayan 22 vəkildən biri olan Laurence Dauxin-Nedelec bildirib.

O deyib ki, hökumətə müraciət etməkdə məqsəd aidiyyatı rəsmi şəxslərə beynəlxalq hüquq normalarına hörmət edilməsinin vacibliyini xatırlatmaq olub: "Fransa dövlət başçısına müraciət etməkdə məqsədimiz hökuməti sülhün və təhlükəsizliyin qorunması naminə beynəlxalq hüquqa hörmət etməyə çağırmaqdır. Hökumət beynəlxalq hüquqa hörmət etməklə kifayətlənməməlidir. O hökumətin bütün üzvlərini, parlament üzvlərini beynəlxalq normalara riayət etməyə çağırmalıdır. Təəsüflər olsun ki, Dağlıq Qarabağda sentyabr-oktyabr aylarında gedən hərbi əməliyyatlardan sonra bu regionun müstəqilliyinin tanınması ilə bağlı yersiz təkliflər olub, qətnamələr qəbul olunub. Bəzi parlament üzvlərinin qanunsuz cəhdlərini gördükdən sonra biz bu petisiyanı hazırlamaq qərarına gəldik ki, beynəlxalq hüququ onlara bir də xatırladaq".


Vəkil Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsinin regionda sülhün bərqərar olması üçün əsas şərt olduğunu vurğulayıb: "Bu region Azərbaycan Respublikasının bir hissəsidir və bu ölkənin ərazi bütövlüyünə hörmət edilməlidir. Bu da Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin normallaşmasına və sülhün bərpa olunmasına kömək edəcək. Eyni zamanda bu son zamanlarda bəzi fransalı parlamentarilərin və bir sıra digər rəsmi şəxslərin davranışları üzündən səhv aparılan Fransa ilə Azərbaycan arasındakı münasibətlərin də yaxşılaşması üçün vacibdir."

O, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanatın dəstəklənməsinin vacibliyinə də toxunub: "Yalnız bu müqaviləni dəstəkləməklə sülhə və təhlükəsizliyə nail olmaq mümkündür. Bu regiondan çoxlu sayda insan köçkün düşüb ki, onlar geri qayıtmaq arzusundadırlar. Otuz il bundan qabaq evlərini məcburi tərk etmiş bu insanların təhlükəsiz geri qayıtmalarını təşkil etmək üçün də bu müqavilənin şərtlərinə riayət olunması vacibdir."


Laurence Dauxin-Nedelec işğal zamanı Azərbaycanın mədəni irsinə vurulan zərərləri öyrənmək üçün xüsusi nümayəndə heyətinin təşkil edilməsinin vacibliyini vurğulayıb: "İşğal zamanı və sentyabr-oktyabr aylarında gedən hərbi əməliyyatlar zamanı Azərbaycanın bir çox mədəni abidəsinə ziyanlar dəyib, onlar dağıdılıb. Onların arasında məscidlər də olub. 1954-cü il Konvensiyası pozulub. Azərbaycana dəyən bu ziyanları yaxından öyrənmək və qiymətləndirmək üçün ora nümayəndə heyəti göndərilməlidir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu