Məşhur hotel nikahı olmayan cütlükləri içəri buraxmır


Sosial şəbəkələrdə Şamaxıda yerləşən “Sakit göl” hotelində nahar etmək istəyənlərdən nikah şəhadətnaməsinin tələb olunması ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, hoteldə nahar üçün rezervasiya etmək istəyən şəxslər evli olmalı və həm də nikah haqqında şəhadətnamələrini özləri ilə gəzdirməlidirlər. Əks halda, hotel rəhbərliyi restorandan istifadəyə məhdudiyyət qoyur.



“Qafqazinfo” xəbər verir ki, əslində bu təkcə restoran xidmətlərinə görə yox, həmçinin hoteldə gecələmək üçün də əsas şərtdir.

Bununla bağlı istər KİV, istərsə də sosial şəbəkələrdə dəfələrlə şikayətlər bildirilir. Müştərilər qeyd edir ki, şəxsiyyəti təsdiq edən sənəd olduğu halda, bəzi hotellərdə onlardan qanunvericiliyə zidd olaraq, nikah haqqında şəhadətnamə də tələb olunur. Təəssüf ki, oxşar vəziyyət Azərbaycanda fəaliyyət göstərən bir çox hotel və mehmanxanalar üçün keçərlidir. Şikayətçilər bildirirlər ki, bu məsələ vaxtaşırı gündəmə gəlir, sosial mediada hotel rəhbərliyi tənqid olunur, amma nəticə dəyişmir.

Qeyd edilən şikayətlə bağlı “Sakit göl” hotelinin meneceri Ceyhun Dadaşovla əlaqə saxladıq. O, sosial şəbəkələrdə yayılan məlumatı təkzib edib bildirdi ki, hotelin restoranı qonaqları qəbul edir və buna görə heç kimdən nikah haqqında şəhadətnamə tələb olunmur: “Bu məlumat həqiqətə uyğun deyil”.

Hoteldə gecələmək istəyənlərdən tələb olunan nikah şəhadətnaməsinə gəlincə isə C.Dadaşov deyib ki, bu barədə məlumatı yalnız rəsmi qaydada hotelə sorğu göndərdikdə cavablandırırlar.

Hotel rəsmisi sualın cavabını süni şəkildə yubandırmağa çalışsa da, biz adıçəkilən mehmanxana ilə müştəri qismində əlaqə saxlayaraq cavab ala bildik. Belə ki, qeydiyyat şöbəsində bəlli tarix və otaq seçdikdən sonra, "şəxsiyyət vəsiqəsindən savayı, hansı sənədlər tələb olunur?" sualına bizimlə danışan şəxs birmənalı olaraq "mütləq nikah şəhadətnaməsi!" cavabını verdi.

Bəs bu məsələ qanunvericiliklə necə tənzimlənir? Müştəri qarşısında belə tələb qoyula bilərmi? Hüququ tapdanan müştəri hara müraciət etməlidir?

Bu suallarla Dövlət Turizm Agentliyinə müraciət etdik. Agentlikdən bildirildi ki, ölkədə qüvvədə olan qanunvericilikdə mehmanxanaların göstərdiyi qonaqlama xidmətindən istifadə edərkən xidmət istehlakçılarının təqdim etməli olduqları sənədlərin siyahısı öz əksini tapmayıb. Nikah şəhadətnaməsinin tələb edilməsi və bu səbəbdən xidmətin göstərilməsindən imtina edilməsi həmin şəxslərə qarşı ayrı-seçkilikdir:

“Belə ki, mehmanxana və istehlakçı arasındakı münasibətlər mülki hüquq qanunvericiliyi ilə tənzimlənir və tərəflər arasında bağlanmış müqaviləyə əsaslanır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdirlər. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa (hansı ki, qanunvericilik mehmanxana xidmətlərindən istifadə üçün nikah şəhadətnaməsinin təqdim edilməsini tələb etmir), istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Mehmanxanalar tərəfindən müvafiq xidmətlərdən istifadə etmək istəyən şəxslərdən nikah şəhadətnaməsinin tələb edilməsi və bu səbəbdən xidmətin göstərilməsindən imtina edilməsi həmin şəxslərə qarşı ayrı-seçkilikdir və onları qonaqlama xidməti sahəsində tələbatlarının digər istehlakçılar (nikah şəhadətnaməsi təqdim edən şəxslər) ilə bərabər qaydada ödənilməsindən məhrum edir”.

Agentlikdən həmçinin bildirilib ki, istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və məhkəməyə müraciət etmək hüququna malikdirlər. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

Yəni, hüquqları pozulan şəxs İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə və məhkəmə yolu ilə hüquqlarını bərpa edə bilər.

İndiyə qədər yerli mətbuatda aparılan kiçik araşdırmalara görə, ölkədə fəaliyyət göstərən hotellərdən “Askar” (Bakı),“Ramada Hotel” (Bakı), “Alp İnn” (Bakı),“Arena” (Bakı), “Bosfor” (Bakı), “Ariva” (Bakı), “Excelsior Hotel” (Bakı), “Atropat” (Bakı), “Araz Hotel” (Bakı), “Şafran” (Bakı), “Qafqaz Park” (Bakı), “Admiral” (Bakı), “Qız Qalası” (Bakı), “Passage Hotel” (Bakı), “Küngüt” (Şəki), “Qubek Hotel”(Balakən), “Deluxe Hotel” ( Gəncə), “Sakit Göl” (Şamaxı), “Naftalan Hotel by Rixos” (Naftalan) müştərilərdən nikah şəhadətnaməsi tələb edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu