"Biz Türkiyədən aqrar sahənin inkişafı üçün yeni texniologiyalar idxal edə bilərik" - MÜZAKİRƏ
Bu gün qonşu Türkiyə güclü iqtisadiyyata malik ölkələrin siyahısında mühüm yer tutur. İqtisadçı-ekspert Qubad İbadoğlu bildirib ki, güclü və sürətli inkişaf edən iqtisadiyyata malik Türkiyə Azərbaycana da çox lazımdır: "Dağlıq Qarabağ probleminin tam həlli də bundan asılıdır. Odur ki, biz Azərbaycan olaraq qapılarımızı indidən Türkiyə kapitalının, texnologiyasının və məhsullarının üzünə açmalıyıq".
Ekspertin təkliflərini necə doğrultmaq olar? Suala cavab verən millət vəkili Azər Badamov AFN-ə açıqlamasında bildirdi ki, Türkiyə dünyanın böyük iqtisadiyyatı olan ölkələrinin arasındadır: "Prezident Ərdoğanın apardığı düşünülmüş, xalqına xidmət edən siyasəti sayəsində Türkiyə son on illiklər ərzində sürətli iqtisadi inkişafa nail ola bilib. Bu gün Türkiyə iqtisadiyyatı şaxələnib, sənayedə, aqrar sahədə böyük uğurlara imza atıb. Bizim üçün təbii ki, Türkiyənin təcrübəsindən istifadə etmək, ölkəmizə türk iş adamlarının investisiyalarını cəlb etmək vacibdir. Ölkələrimiz arasındakı əməkdaşlıq münasibətləri prezidentlərimiz arasındakı, o cümlədən xalqlarımız arasındakı qardaşlıq münasibətləri üzərində qurulub. Ona görə də qarşılıqlı investisyaların yatırılmasında qarşıımıza çıxa biləcək hər hansı bir maneə yoxdur. Hazırda Türkiyənin 4 minə yaxın şirkəti 12,5 milyard dollara yaxın sərmayəni Azərbaycana yatırıb. Türkiyə həm də müasir texnologiyalara yiyələnmiş ölkədir. Biz yeni texniologiyaların idxalına maraqlı olduğumuzdan bu texnologiyaların Türkiyədən gətirilməsində daha maraqlıyıq. Yəni, ölkələrimiz arasında istifadə olunmamış investisiya yönümlü potensial çoxdur. Ona görə də Türkiyəli iş adamları və müvafiq qurumların iştirakı ilə biznes forumların daha tez-tez keçirilməyini vacib hesab edirəm".
Millət vəkili onu da bildirdi ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəmizlə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası işlərinə start verilib: "Təkcə kənd təsərrüfatı əhəmiyyətli torpaqlarımızın həcmi 600 min hektardan çoxdur. Bu ərazilərdə müasir texnologiyalar və innovasiyalar üzərində qurulmuş kənd təsərrüfatının inkişaf etdirilməsi prioritetdir. Türkiyə aqrar sahədə uğur qazanmış ölkədir. Biz Türkiyədən aqrar sahənin inkişaf etdirilməsi üçün yeni texniologiyalar idxal edə bilərik. Burada söhbət ancaq heyvandarlıq və əkinçilikdən getmir. Həm də yüngül, yeyinti və emal sənayesi sahələrinin də inkişaf etdirilməsi aktualdır. Türkiyənin kənd təsərrüfatı və meşə nazirinin ölkəmizə səfəri zamanı da bu məsələlər müzakirə olunub. Türkiyə qardaş ölkə olaraq hər bir sahədə Azərbaycanın yanında olmağa və dəstək verməyə hazır olduğunu bəyan edib. Təbii ki, sənaye sahəsinin inkişafına xidmət edəcək müasir texnologiyaların işğaldan azad olunmuş ərazilərimizə yerləşdirilməsi ölkəmizİn iqtisadi gücünü daha da artıracaq".
İqtisadçı-ekspert Ruslan Atakişiyev bildirdi ki, ümumiyyətlə, Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində son dövrlər dövlət səviyyəsində xeyli işlər görülüb: "Bununla yanaşı, özəl sektorların da burada marağı olmalıdır. Hesab edirəm ki, növbəti mərhələdə sadə biznes adamlarının görüşləri daha çox intensivləşdirilməlidir. Çünki dövlətlər müvafiq sazişlər bağlasalar da, hətta azad ticarətlə bağlı ikitərəfli saziş də var, ancaq buna özəl sektorun reaksiyası lazımdır. Özəl sektor elədir ki, burada dövlətin təzyiqi ilə olmur, burada biznes maraqlarının təmin olunması, mənfəətinin yüksəlməsi ilə bağlı məsələlər öz əksini tapır. Ona görə də hesab edirəm ki, ayrı-ayrı bines subyektlərinin birbaşa əlaqələrinin qurulması daha vacibdir".
İqtisadçının sözlərinə görə, ölkə başçısı da qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə dost ölkələrin investisiya yatırmalarına geniş imkan yaradılacaq və bu gün orada dövlət səviyyəsində türk şirkətlərinə geniş imkanlar yaradılıb: "Digər məsələ ondan ibarətdir ki, trikotaj, yüngül sənayenin inkişafı ilə bağlı Türkiyə iş adamları maraq göstərir. Yəni orada yüngül sənayenin inkişafı ölkədə bu sahənin inkişafına təsir göstərə bilər. Çünki Türkiyə yüngül sənaye ilə bağlı dünya bazarında mal ixrac edən qabaqcıl ölkələrədən biridir. Ona görə də bu təcrübələrin yiyələnməsi baxımından əhəmiyyət kəsb edə bilər.Türkiyə şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə tekstil fabriklərinin qurulması üçün ilkin mərhələdə 50 milyon dollar investisiya qoyması bu bölgədə yeni iş imkanlarının yaranmasına şərait yaradacaq. Həmin ərazilərə qurulacaq fabriklərdə Türkiyənin təcrübəsindən istifadə olunacaq ki, bu da öz növbəsində yerli bazarımızın inkişafına gətirib çıxaracaq. Bu sahənin tətbiq olunması tekstil inkişafı ilə yanaşı olaraq ona yaxın olan sahələrin inkişafına da gətirib çıxaracaq. Bundan əlavə, yerli brendlərimizi də formalaşdıra bilər, çünki orada olan məhsullar Azərbaycan brendi kimi satışa çıxarılacaq. Əlavə olaraq bizim tekstil sənayəsi var ki, hazırda olan müəssisələr onların da inkişafına təkan verəcək. Belə ki, orada təcrübə formalaşdıqca digər firmalar da onlara baxıb öyrənəcəklər. Bununla yanaşı, digər müsbət tərəf ondan ibarətdir ki, oraya qayıdacaq insanlara əlavə iş yerləri yaranmış olacaq. Həmin şəxslər orada işlə təmin olunub, qazanc əldə edəcəklər".
NİGAR