Türkiyə XİN Zəfər Günü münasibətilə bəyanat yayıb


Türkiyə Xarici İşlər Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə bəyanat yayıb.


Bəyanatda Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbədən bəhs edilir.

“Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı ötən il noyabrın 8-də mədəniyyət paytaxtı qədim Şuşanı azad edərək taclandırdığı zəfərini təbrik edirik. İşğal altındakı torpaqlarını azad etmək üçün müdafiə haqqından istifadə edən Azərbaycan noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla hərb meydanındakı zəfərini masada da təsdiqləmiş, illərdir icra edilməyən BMT Təhlükəsizlik Şurasının qərarlarını öz iradəsi ilə həyata keçirmişdir. Bu zəfər nəticəsində bir milyon məcburi köçkün azərbaycanlı qardaşımızın vətənlərinə yollarının açılmasından məmnunuq. Qarabağ Zəfəri sadəcə işğal altındakı torpaqları azad etməmiş, regionda daimi sülh, sabitlik və əməkdaşlığın da yolunu açmışdır. Sürətlə yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur bölgələrində Füzuli beynəlxalq hava limanı, "Zəfər Yolu" kimi regiondakı vəziyyəti dəyişdirən layihələr Azərbaycanın gücünün göstəricisidir. “İki dövlət, bir millət” inancı ilə Şuşa Bəyannaməsi ilə əlaqələrimizi müttəfiqlik səviyyəsinə çatdırdığımız Azərbaycanın sevinc və qürurunu paylaşırıq. Azərbaycanla əməkdaşlığımız davam edəcək”, - deyə bəyanatda vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu