MEDİA keçirdiyi müsabiqələrlə bağlı heç bir xidməti rəsmi almır - MÜSAHİBƏ


Medianın İnkişafı Agentliyinin (MEDİA) keçirdiyi media subyektlərinin maliyyələşdirilməsi üzrə müsabiqənin nəticələri yenə birmənalı qarşılanmadı. Bir sıra media subyektləri müsabiqədən kənarda qaldıqları üçün narazı qaldılar.


AFN.az saytı olaraq müsabiqə ilə bağlı qaranlıq qalan bəzi məqamlara aydınlıq gətirmək üçün Agentliyə suallar ünvanladıq. Sualların bir qismi isə MEDİA-nın dövlət qurumları ilə birgə keçirdiyi jurnalistlər üçün təlimlərlə bağlıdır. Suallarımızı birbaşa Agentliyin icraçı direktoru Əhməd İsmayılova ünvanlasaq da, cavablar redaksiyamıza qurumun mətbuat xidməti tərəfindən təqdim edildi. Mətbuat xidmətinin rəhbəri Səidə Şəfiyevadan suallara kimin cavab verdiyini soruşduqda bizə “MEDİA-dan verilən məlumat kimi yazın” deyə cavab verdi. Bunun mümkün olmadığını bildirdik və heç bir janrda müsahibə şəklində olan sual-cavabı yaza bilməyəcəyimizi dedik. Ondan sonra S.Şəfiyeva Agentlik əməkdaşı Pərvanə İbrahimovanın adından yaza biləcəyimizi dedi. Beləliklə, həmin sualları və cavabları təqdim edirik:

- Onlayn media subyektlərinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin qiymətləndirilməsi zamanı analytics araşdırmalarını hansı şirkət həyata keçirir? Həmin şirkət necə müəyyənləşdirilib - tender yolu ilə, yaxud başqa yolla?

- Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə dəstək layihəsinin qiymətləndirməsi əsas ümumi domen üzərindən və veb-saytın müsabiqəyə müraciət etdiyi günədək son 3 aylıq dövr ərzində hər ay üzrə ən yuxarı göstəricili 2 məqaləsi, həmçinin veb-saytın dizaynı üzrə aparılır.
Ən yuxarı göstəricili 2 məqalənin, həmçinin veb-saytın dizaynının, infrastrukturunun, dil imkanlarının, rəqəmsal keyfiyyətinin qiymətləndirilməsi Agentliyin cəlb etdiyi müstəqil ekspertlər tərəfindən həyata keçirilir.

- Müraciətçilərin qiymətləndirilməsində hansı ekspertlər iştirak edir?

- Agentliyin cəlb etdiyi ekspertlərin hər biri nəzəri və praktik baxımdan böyük təcürbəyə mail peşəkar şəxslərdir. Şəffaf qiymətləndirilmənin aparılması məqsədilə ekspertlərin anonimliyi qorunur.

- Gündəlik 20 özəl xəbərin dərc edilməsi ilə bağlı olan tələbi kimlər araşdırır?

- Heç bir media subyekti qarşısında gündəlik “20 özəl xəbərin dərc edilməsi” kimi tələb qoyulmayıb, qaydalarda göstərilir ki, press-relizlər və informasiya agentliklərinin xəbərləri istisna olmaqla gündəlik ən azı 20 kütləvi informasiya dərc etməlidir. Söhbət jurnalistikanın janrlarına uyğun, media etikası prinsiplərinə riayət olunaraq hazırlanmış 20 materialdan gedir ki, bu da “özəl xəbər” anlamına gəlməməlidir. Xatırladaq ki, dəstək almış saytların müsabiqə şərtlərinə uyğun fəaliyyət göstərmələri Agentlik tərəfindən həyata keçirilən monitorinq nəticəsində hazırlanmış hesabatlarda öz əksini tapır və şərtlərə cavab verməyən media subyeyktlərinə qaydalara uyğun olaraq xəbərdarlıq edilir.

- Müraciət edən media subyektlərinin siyahısı niyə açıqlanmır?

- Agentlik müsabiqəyə müraciət edən media subyektlərinin razılığı olmadan onlar haqqında bu və ya digər məlumatları ictimaiyyətə açıqlamır.

- İmtinanın səbəblərini öyrənmək üçün necə müraciət etmək lazımdır?

- Müsabiqədən keçə bilməyən media subyekti bunun səbəbini öyrənmək və ya sadəcə ekspert rəyləri ilə tanış olmaq üçün Agentliyə müraciət edə bilər.

- MEDİA-nın keçirdiyi təlimlərə jurnalistlər necə qatılırlar? Təlim olacağı elan edilir, jurnalistlər müraciət edir, yoxsa Agentlik özü müəyyənləşdirir kimlərin iştirak edəcəyini? Niyə AFN-dən heç kim təlimlərə çağırılmır?

- MEDİA həm öz təşəbbüsü, həm də digər dövlət qurumları ilə birlikdə sistemli təlimlər və seminarlar keçirməkdədir. Təkcə 2022-ci ilin yanvar ayında “Gömrük sistemində islahatlar: nəticələr, perspektivlər” və “Müharibədən sonrakı reallıqlar və media” mövzusunda təlimlərdə yüzə yaxın media təmsilçisi iştirak edib. Jurnalistlərin peşəkarlığının artırılmasına yönəlmiş belə seminar və təlimlərin davam etdiriləcəyini bildirir və arzu edən bütün media təmsilçilərini fəal iştiraka çağırırıq. Bu baxımdan AFN saytının əməkdaşlarını da tədbirlərimizdə görməkdən məmnun olarıq. Yeri gəlmişkən, dekabrın 29-da Agentlik tərəfindən Şuşa şəhərinə təşkil olunmuş media-turda dəvətimizi qəbul edib iştirak etdiyinizə görə sizə təşəkkürümüzü bildiririk və əməkdaşlığımızın bu il də intensiv şəkildə davam edəcəyinə inanırıq.

Həbibə ABDULLA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu