Azərbaycanda ödənişli təhsil alan və kəsiri olan tələbələrin sayı açıqlanıb
2021/2022-ci tədris ilində ödənişli təhsil alan 1-ci kurs tələbələrdən 40 719 nəfəri təhsil krediti almaq hüququ var.
"Report" xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev deyib.
Onun sözlərinə görə, həmin tələbələrdən 21 364-ü bakalavr, 6 522 nəfəri magistr, 12 833 nəfəri isə subbakalavrdır.
A.Paşayev əlavə edib ki, ümumilikdə təhsil haqqını ödəyən tələbələrin sayı 126 173 nəfərdir: "Onların 28 674-ü akademik borcu olanlardır. Bu da həmin tələbələrin 20-30 %-ni təşkil edir. 41 291-nin ümumi orta müvəffəqiyyət göstəricisi 71 baldan aşağıdır. Bu da 30-40 % təşkil edir".
Sədr qeyd edib ki, Azərbaycanda 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 972 nəfəri ali, orta ixtisas və orta təhsilə malikdir: "Əhalinin hər 10000 nəfərinə düşən tələbələrin sayı 200 nəfərdir. Bu rəqəm orta ixtisas təhsili müəssisələrində 63 nəfərdir. Bütün əyani təhsil alan tələbələrin 59,5% ödənişli təhsil alan tələbələrdir, o cümlədən bakalavriat səviyyəsi üzrə 58,5%, magistratura səviyyəsi üzrə 62.8% və subbakalavriat səviyyəsi üzrə 61% ödənişli təhsil alır".