Tovuzçayın sahili zibil poliqonunu xatırladır - İcra nümayəndəsinin xəbəri yoxdur
Tovuzçay çayının rayonun Bozalqanlı kəndi ərazisindən keçən hissəsində antisanitar vəziyyət hökm sürür. Çayın sahili zibilliyə çevrilib.
Dünyasını dəyişmiş insanın yataq dəsti, heyvan leşləri, məişət tullantıları, sınmış şüşə, plastik qablar, tikinti materialları qalıqları və başqa tullantılar axar çaya atılır.
Hazırda Tovuzçayın sahili zibil poliqonunu xatırladır.
Yaxınlıqda yaşayanların sözlərinə görə, bu vəziyyət uzun müddətdir ki davam edir.
Bozalqanlı kənd inzibati ərazi dairəsinin nümayəndəsi Azər Hacıyev "Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, əraziyə zibil tökülməsindən xəbərsizdir. O vəd edib ki, iş günü başlayanda sözügedən əraziyə baxış keçiriləcək və aidiyyəti qurum tərəfindən müvafiq addımlar atılacaq. (Xəzər TV)