"Laçın dəhlizinə Azərbaycan nəzarət edəcək" - erməni mediası

Rusiya sülhməramlılarının komandanlığı Laçından çəkilmiş yeni yolda Azərbaycanın mini gömrük məntəqəsi quraşdıracağına dair qondarma rejimin rəhbərliyini xəbərdar edib.
AFN.az Hraparak” qəzetinə istinadən xəbər verir ki, separatçılara bu qərarla sakitcə barışmaq tapşırılıb. Adıçəkilən mənbə qeyd edir ki, oyuncaq qurumun “Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyan və onun komandası Rusiya sülhməramlılarının rəhbərinin çağırışı ilə dünəndən cəmiyyətin başının altına yumşaq yastıq qoymağa çalışaraq bildirirlər ki, Laçın dəhlizində keçid məntəqəsi olmayacaq, rentgen skanerinin quraşdırılması məsələsi isə hələ yalnız müzakirə olunur. Lakin mənbələrimiz bildirir ki, bu cihazların quraşdırılması ilə bağlı artıq razılıq əldə olunub və yaxın vaxtlarda sülhməramlı keçid məntəqəsində belə skanerlər quraşdırılacaq.
“Azərbaycanlılar onlayn rejimdə Qarabağa daxil olan və çıxan avtomobillərin sərnişinlərinə və baqajlarının içinə nəzarət edə biləcəklər, yəni ruslarla birlikdə dəhlizə nəzarət edəcəklər. Halbuki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yolun yalnız Rusiya sülhməramlılarının nəzarətində olacağı açıq-aydın göstərilib. Bir gün əvvəl Rusiya sülhməramlı kontingentinin komandiri Volkovun Balasanyanla uzun söhbət etdiyi və anti-Rusiya əhval-ruhiyyəsi dalğasını qaldırmamaq üçün bu razılaşma faktını hələlik gizlətməyə qərar verdiklərinə dair sübutlar var”- “Hraparak” qeyd edir.
M.Vahidli