Sərhəd-keçid məntəqəsi Rusiya hərbi kontingentinə aid olanların da yoxlanılmasını diqtə edəcək - ŞƏRH


Azərbaycanın Müdafiə Nazirliyi bu gün bəyanat verərək Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsinin üçtərəfli bəyanatın müddəalarının kobud şəkildə pozulması olduğunu bildirib və bunu qəbuledilməz adlandırıb.


AFN.az xəbər verir ki, nazirliyin bəyanatında həmçinin Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycanın sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının labüd olduğu qeyd edilib. Politoloq Elxan Şahinoğlu baş verənləri şərh edərkən bildirib ki, Rusiya Müdafiə Nazirliyi səsini çıxarmır və bu maraqlıdır: "Məsələyə münasibət bildirmir, təsdiq və ya təkzib etmir. Yəqin səsləri Laçın yolunda elan edilən nəzarət-buraxılış məntəqəsi yaradılanda gələcək, onda da gec olacaq".

E.Şahinoğlu həmçinin sülh prosesilə bağlı baş verən gəlişmələri də şərh edib. O bildirib ki, nə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya və İrəvana səfərləri, o cümlədən azərbaycanlı və erməni həmkarlarıyla mütəmadi görüşləri, nə də ABŞ dövlət katibi Entoni Blinkenin Bakıya və İrəvana tez-tez etdiyi telefon zəngləri sülh prosesini sürətləndirir: "Prezident İlham Əliyev Entoni Blinkenlə bugünkü telefon danışığında Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü bir daha onun diqqətinə çatdırıb. Lavrov bundan xəbərdardır. Ermənistan hakimiyyəti ilə Qarabağ separatçıları da Laçın yolunda sərhəd-keçid məntəqəsinin yaradılacağını anlayıblar".
Politoloqun sözlərinə görə, bütün tərəflər bu və ya digər şəkildə Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulacağına hazırdır. "Sərhəd-keçid məntəqəsi bütün nəqliyyat vasitələrinin, o cümlədən Rusiya hərbi kontingentinə aid olanların da yoxlanılmasını diqtə edəcək" - deyə E.Şahinoğlu vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu