İran Laçın yolundakı proseslərə seyrçi qalsa da, narahatdır - ŞƏRH
Azərbaycanın Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi qurması bir sıra reaksiyalara səbəb olub.
ABŞ və Fransanın mövqeyi bu addıma etirazdan ibarət olsa da, Rusiyadan verilən açıqlamada hər iki tərəfə xəbərdarlıq ruhu sezilir. Çox maraqlıdır İran hələlik susqunluq nümayiş etdirir. Bu susqunluğun səbəbi nədir?
AFN.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı şərh verib. Onun sözlərinə görə, İrandakı rejimin və İslam Keşikçiləri Korpusunun Azərbaycan əleyhinə o qədər təxribatıyla üzləşmişik ki, indi İrandakı dairələrin Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılmasına reaksiya verməməsi suallara səbəb olur: "Tehran Zəngəzur dəhlizinin əleyhinə olduğunu gizlətmir, hər zaman “qırmızı çizgilərdən” dəm vurur. Ancaq Tehran açıq şəkildə “biz Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsinin və sərhəd-keçid məntəqələrinin yaradılmasının əleyhinəyik” deyə bilmir, deyə də bilməz, çünki bu məntiqə ziddir, deyərlər ki, iki dövlətin öz aralarında sərhəd-keçid məntəqəsinin yaradılmasından sənə nə? Ona görə də Tehran hələ ki, seyrçi mövqedədir. Ancaq daxilən narahatdırlar, çünki sərhəd-keçid məntəqəsinin yaradılması separatizmin sonunu yaxınlaşdıran Azərbaycanın uğurudur. Tehran isə Azərbaycanın uğurlarından hər zaman narahatdır. Həm də ona görə narahatdırlar ki, bundan sonra Ermənistan üzərindən Qarabağa yük daşıya bilməyəcək, SEPAH təlimatçıları Azərbaycan ərazisinə daxil ola bilməyəcəklər".