Müəllim 1-ci sinif şagirdlərini soyuq otaqda "küncə qoydu" - FOTO

Xətai rayonu ərazisində yerləşən 25 nömrəli məktəbin 1-ci sinif şagirdləri müəllim tərəfindən zorakılıqla üzləşib.
AFN.az xəbər verir ki, bu barədə həmin şagirdlərdən birinin valideyni, jurnalist Pərvanə Rasim bildirib. Müəllimin tətbiq etdiyi "cəza" tədbirinin fotosunu paylaşan jurnalistin sözlərinə görə, buna səbəb uşaqların ev tapşırığını yazmaması olub: "Fotoda (əlavə edilir-red.) sol tərəfdə eşitdiyi təhqirlərdən sonra başını aşağı salıb dayanan qızımdır. 7 yaşının içindədir. Digər uşaqların üzünü valideynlərinin razılığını almağa fürsətim olmadığı üçün göstərməmişəm. Şəkil sinfin müəllimi Səidə Hüseynova tərəfindən çəkilib. İbrət olsun deyə, valideyn qrupuna göndərilib. Şəklin sonunda müəllimə xanım qeyd edir ki, hər dəfə yazmayanları belə üsulla "məsuliyyətli" olmağı öyrədəcək. Uşaqları qaranlıq otağa salmaqla da hədələyib. Bu körpələrin "günahı" ev tapşırığının nə olduğunu bilmədiklərinə görə yazmaması olub. Buna görə də xeyli danlandıqdan sonra 45 dəqiqə qışın bu oğlan çağında hələ də istilik olmayan sinifdə, küncdə dayanmağa məcbur edilərək, digər dərslərin izahında iştirak etməkdən məhrum ediliblər. Normalda uşaqlar təbii ehtiyaclarını ödəmək istəyəndə belə Səidə xanımın xoşuna gəlmir. Çox vaxt icazə vermir".
Pərvanə Rasim bildirib ki, S.Hüseynova dəfələrlə uşaqlara fiziki və psixoloji şiddət göstərib: "Buna görə məktəb rəhbərliyinə dəfələrlə şikayət edilib. Şəxsən özüm buna görə müəllimə və məktəbin psixoloqu ilə dəfələrlə danışmışam. Lakin məktəbin direktoru Fəridə Şərifova həm istiliklə bağlı müraciətlərə, həm də Səidə Hüseynovanın uşaqlara qarşı kobud və qəddar davranışlarına əhəmiyyət verməyib. Bundan öncə qızımın hazırlıq dönəmində həmin məktəbin digər müəllimi Aygün Məmmədova da qızıma dəfələrlə psixoloji şiddət göstərib. Uşaq ağlayıb gecələr qorxudan yerini isladırdı ki, "müəllimədən qorxuram, ona de, üstümə qışqırmasın". Artıq orda nə baş verirdisə bilmirəm. Etirazımı şifahi şəkildə Aygün Məmmədovaya bildirsəm də, nəticəsi olmadı".
Jurnalist qeyd edib ki, hazırlıq müəlliminin davranışları ilə bağlı dəfələrlə yazılı və şifahi şəkildə Təhsil Nazirliyinə müraciət edib, lakin heç bir reaksiya verilməyib: "Sonra mənim xəbərim olmadan uşağı sinifdən çıxarıb həmin bu Səidə Hüseynovanın qrupuna qoyublar. Necə deyərlər, yağışdan çıxıb yağmura düşdük. Deyəcəksiz onlayn sistemə necə valideynin xəbəri olmadan müdaxilə ola bilər? Ancaq mümkünmüş".
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, məsələ araşdırılır.