Xalqın 56%-i Trampın prezidentliyindən narazıdır - Sorğu
ABŞ-da keçirilən sorğu nəticəsində iştirakçıların 56%-i Donald Trampın prezidentlik fəaliyyətindən məmnun olmadığını bildirib.
CBS News və YouGov araşdırma şirkəti tərəfindən aparılan sorğuda iştirakçılara Trampın fəaliyyəti, iqtisadiyyat və miqrasiya siyasəti, gömrük tarifləri, milli təhlükəsizlik və beynəlxalq mövzulardakı mövqeləri barədə fikirləri soruşulub.
Sorğuya görə, iştirakçıların 67%-i Trampın səlahiyyətlərini genişləndirdiyi fikrində olsa da, 56%-i prezidentlik fəaliyyətini mənfi qiymətləndirir.
Miqrasiya siyasətində Trampın yanaşmasına qarşı çıxanların nisbəti 54% olub. Rusiya-Ukrayna müharibəsində Trampın sülh təmin edəcəyini düşünənlər yalnız 27% təşkil edir, münaqişələrin davam edəcəyini proqnozlaşdıranlar isə 43%-dir.
Həmçinin, Trampın şəhərlərə Milli Qvardiya göndərməsini dəstəkləməyənlərin nisbəti 58% olaraq müəyyən edilib.
İqtisadiyyat və inflyasiya narahatlığı ön plana çıxır
İştirakçıların 64%-i Trampın inflyasiya ilə mübarizə siyasətini təsdiqləmədiyini bildirib. Öz şəxsi maliyyə vəziyyətlərinin Tramp dönəmində daha pis olduğunu deyənlərin nisbəti isə 50%-dir.
Xalqın 71%-i isə Tramp administrasiyasının gömrük tarifləri ilə bağlı siyasəti nəticəsində qısamüddətli olaraq qiymətlərin artacağına inanır.
