“Qaçqınkom” dəhşətli yanğınla bağlı məlumat yaydı
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Qobu Park-1”də 4 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı məlumat yayıb.
Məlumatda bildirilib ki, 5 dekabr 2025-ci il, saat 03:20 radələrində Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Qobu Park-1” yaşayış kompleksinin 4-cü binasının 7-ci mərtəbəsindəki 78-ci mənzildə yanğın baş verib.
Hadisə barədə məlumat daxil olduqdan sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri əraziyə cəlb olunub. Xilasedicilər alovu qısa müddətdə söndürərək onun digər mənzillərə keçməsinin qarşısını alıblar.
Yanğınla əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri və aidiyyəti struktur rəhbərləri hadisə yerinə gəliblər.
İlkin araşdırma zamanı müəyyən edilib ki, yanğın Kəlbəcər rayonundan olan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti məskunlaşdığı mənzildə baş verib.
Yanğın zamanı yaranan qatı tüstü nəticəsində 9-cu mərtəbədəki 86-cı mənzildə yaşayan Füzuli rayonundan keçmiş məcburi köçkün Yusifov Əkrəm Əşrəf oğlunun həyat yoldaşı — 1998-ci il təvəllüdlü Yusifova Zülfiyyə Ramiq qızı və onların övladları — 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova həlak olublar.
Bundan başqa, 9-cu mərtəbədəki 88-ci mənzildə yaşayan Füzuli rayonundan keçmiş məcburi köçkün, 1953-cü il təvəllüdlü Yusif Hüseynov da həyatını itirib.
Vəfat edənlərin ailələrinin bildirdiyinə görə, Yusif Hüseynov Bakı şəhəri, Xəzər rayonu Qala qəbiristanlığında; Zülfiyyə Yusifova və övladları isə doğulduqları Gədəbəy rayonunda dəfn olunacaqlar.
Yanğının söndürülməsi zamanı zərər görmüş müvəqqəti yaşayış sahələrində yaşayan ailələrin yerləşdirilməsi üçün Dövlət Komitəsi tərəfindən tədbirlər görülür.
Hadisə ilə bağlı aidiyyəti qurum cinayət işi başladıb və iş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılaraq qanunamüvafiq qərar qəbul olunacaq.
Dövlət Komitəsinin rəhbərliyi baş vermiş faciədə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.





