Takaiti: ABŞ Yaponiyadan tankerlərin mühafizəsində iştirak etməyi xahiş etməyib
Yaponiya Baş naziri Sanae Takaiti ölkə parlamentinin aşağı palatasının büdcə komissiyasında çıxışı zamanı bildirib ki, ABŞ Hörmüz boğazında tankerlərin mühafizəsi ilə bağlı rəsmi Tokioya müraciət etməyib.
AFN.az Yaponiya mediasına istinadən xəbər verir ki, baş nazir həmçinin hazırda həmin bölgədə Yaponiya üçün "mövcudluq təhlükəsi" yaradacaq bir vəziyyətin müşahidə olunmadığını deyib. Bu isə ABŞ ilə müttəfiqlik çərçivəsində kollektiv müdafiə məqsədilə güc tətbiq edilməsi üçün hüquqi əsasın olmadığını göstərir.
Qeyd edək ki, "Asahi" qəzeti Tokionun Vaşinqtonun mümkün xahişinə cavab olaraq Fars körfəzi zonasına patrul və yanacaqdolduran təyyarələr göndərmək, həmçinin ABŞ Silahlı Qüvvələrinə logistik dəstək sistemini işə salmaq variantlarını nəzərdən keçirdiyini xəbər vermişdi. Lakin Yaponiya hökuməti bu cür əməliyyatlarda iştirakın İranla münasibətləri kəskinləşdirə biləcəyindən ciddi narahatdır.
Qeyd edək ki, Yaponiya neft tədarükündən 90% Yaxın Şərqdən asılıdır və hazırda Hörmüz boğazındakı hərbi əməliyyatlar səbəbindən ölkəyə məxsus tankerlərin hərəkəti dayandırılıb. Hökumət daxili bazarda yanacaq qıtlığının qarşısını almaq üçün strateji ehtiyatları dövriyyəyə buraxmağa hazırlaşır.
