Süni intellekt milyarderlərin sayını sürətlə artıracaq
Qlobal daşınmaz əmlak məsləhət şirkəti "Knight Frank" tərəfindən yayımlanan hesabata görə, dünya miqyasında milyarderlərin sayının 2031-ci ilə qədər təxminən 25 faiz artaraq 4 minə yaxınlaşacağı gözlənilir.
AFN.az xəbər verir ki, sərvət artımındakı bu sürətlənmənin xüsusilə süni intellekt (Sİ) sektorundan əldə edilən mənfəətlərlə daha da gücləndiyi bildirilir.
"Knight Frank"ın cümə axşamı yayımladığı hesabatda hazırda dünyada 3 min 110 olan milyarder sayının yaxın beş il ərzində 3 min 915-ə yüksələcəyi proqnozlaşdırılıb.
Araşdırma bölməsinin rəhbəri Liam Beyli milyarder və milyonçuların sərvətlərindəki artımın texnologiya sektoru və süni intellekt sayəsində sürətləndiyini qeyd edib.
Beyli biznesi genişləndirmə qabiliyyətinin heç vaxt bu qədər yüksək olmadığını vurğulayaraq, texnologiya və süni intellektin böyük sərvətlərin çox daha qısa zamanda qazanılmasına şərait yaratdığını bildirib.
Hesabata görə, milyarder sayında ən sürətli artımın Səudiyyə Ərəbistanında baş verəcəyi gözlənilir; ölkədəki milyarder sayının 2031-ci ilə qədər 23-dən 65-ə yüksələrək iki dəfədən çox artacağı təxmin edilir.
Oxşar şəkildə Polşada milyarder sayının 13-dən 29-a, İsveçdə isə 81 faiz artımla 32-dən 58-ə çıxacağı proqnozlaşdırılır.
Qlobal sərvət pay bölgüsündə isə Şimali Amerika 37 faizlə ən böyük paya sahibdir, onu 31 faizlə Asiya-Sakit okean regionu və 25 faizlə Avropa izləyir.
Sərvət artımı sürətlənsə də, qlobal bərabərsizlik də dərinləşməkdə davam edir.
"2026 Dünya Bərabərsizlik Hesabatı"na görə, dünya əhalisinin təxminən 0,001 faizini təşkil edən 60 mindən az adam bəşəriyyətin ən yoxsul 50 faizinin ümumi sərvətindən üç dəfə çox var-dövlətə sahibdir.
"Knight Frank" qeyd edib ki, ABŞ-ın liderlik etdiyi, Çin və Hindistanın isə dəstəklədiyi bu artım tempi milyarderlərlə yanaşı, 30 milyon dollar və daha yuxarı sərvəti olan multimilyonçuların sayını da 713 minə çatdırıb.


