Azərbaycanda su qıtlığı yoxdur? - Məcnun Məmmədovun açıqlamasına sözardı


Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun "Azərbaycan su qıtlığı yaşamır" açıqlaması birmənalı qarşılanmayıb. Rəsmi rəqəmlər "bolluq" vəd etsə də, regionlardan gələn məlumatlar tam fərqli reallığı ortaya qoyur.

AFN.az mövzu ilə bağlı kiçik bir araşdırma aparıb. Nazir Məcnun Məmmədov bu günlərdə verdiyi açıqlamada builki yağıntıların miqdarının qənaətbəxş olduğunu və su anbarlarının doluluq səviyyəsinin keçən illərlə müqayisədə yüksək olduğunu bildirib. Rəsmi mövqeyə görə, su idarəçiliyində tətbiq edilən yeni mexanizmlər cari il üçün ciddi riskləri aradan qaldırıb. Bəs bu, həqiqətənmi "su qıtlığı yoxdur" demək üçün kifayətdir?

Unutmayaq: Azərbaycan "qırmızı zona"dadır

Nazirin dediklərinin əksinə, beynəlxalq qurumların (BMT, Dünya Bankı) hesabatları Azərbaycanı dünyanın ən çox "su stresi" yaşayan 20 ölkəsindən biri kimi qeyd edir. Yerüstü su ehtiyatlarımızın 70%-nin ölkə xaricindən formalaşması bizi birbaşa qonşuların "insafından" asılı vəziyyətə salır. Kür çayının səviyyəsinin son illərdə rekord həddə düşməsi və dəniz suyunun mənsəbə qarışması hələ də tam həllini tapmamış strateji təhlükədir.

Araşdırmamız göstərir ki, nazirin "su var" dediyi mənzərədə suyun böyük hissəsi hədər gedir. Səbəblər isə sadə və acınacaqlıdır. Ölkədəki suvarma kanallarının təxminən 70%-i hələ də beton deyil, torpaq məcralıdır. Bu isə o deməkdir ki, su anbarından çıxan həyati əhəmiyyətli mayenin 30-40%-i tarlaya çatmamış elə torpağa sızaraq yox olur. Müasir damcı və yağış sistemləri yalnız iri aqroparklarda mövcuddur. Sıravi fermer hələ də "selləmə" üsulu ilə suvarır ki, bu da suyun israfı deməkdir.

Hər il yay aylarında Saatlı, Sabirabad, Biləsuvar və Neftçala rayonlarında fermerlərin susuzluqdan yanan əkinləri ilə bağlı etirazları mediada geniş yer alır. Əgər su qıtlığı yoxdursa, niyə fermerlər su növbəsi üçün aylarla gözləyir? Niyə suvarma suyuna görə kəndlər və kəndlilər arasında mütəmadi olaraq münaqişələr düşür? Niyə Kürün aşağı axarında hələ də məişət və suvarma üçün su tapılmır?

"Bu gün var, sabah yoxdur" arxayınlığı

Məcnun Məmmədovun açıqlaması cari ilin yağıntılarına əsaslanan qısamüddətli yanaşmadır. İqlimşünasların proqnozlarına görə, yaxın 20 ildə Azərbaycanın su ehtiyatları daha 25 faiz azalacaq. Belə bir şəraitdə rəsmi səviyyədə "qıtlıq yoxdur" bəyanatı vermək, islahatların sürətini azalda və cəmiyyətdə yanlış arxayınlıq yarada bilər.

88 milyardlıq valyuta ehtiyatı olan ölkənin hələ də torpaq kanallarla su daşıması və "su var" deyib texnoloji geriliyi ört-basdır etməsi qəbulolunmazdır. Nazirin "nikbin" çıxışı kabinetlərdəkilərə xoş gələ bilər, amma tarlası susuzluqdan çatlayan, məhsulu məhv olan fermer üçün heç bir məna kəsb etmir.

Bu sahədə aparılacaq islahatlara birbaşa rəhbərlik etməli olan şəxsin açıqlaması göstərir ki, Azərbaycanın su problemi rəqəmlərdə deyil, idarəçilikdə, köhnə infrastrukturda və gələcəyə baxış bucağındadır.

AFN.az Araşdırma qrupu






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu