Avropa sənayesində ikinci "Çin şoku" həyəcanı



Avropa İttifaqı daxilində fabriklərin bağlanma riski ilə üz-üzə qalması və Çindən artan asılılıq istehsalçıları və ticarət analitiklərini istehsalın tamamilə Pekinin nəzarətinə keçəcəyi barədə xəbərdarlıq etməyə sövq edib.

AFN.az xəbər verir ki, Avropa iş dünyası və ticarət ekspertləri qitə sənayesinin dərinliklərinə qədər nüfuz edən Çin mənşəli hissələr və xammallar səbəbindən yeni bir iqtisadi böhran dalğasının yaxınlaşdığını bildirirlər.

Rəsmilər bu vəziyyəti təxminən 25 il əvvəl Çinin Ümumdünya Ticarət Təşkilatına daxil olması ilə yaşanan və milyonlarla iş yerinin itirilməsinə səbəb olan ilk "Çin şoku"na bənzədirlər.

Bu dəfə təhlükənin təkcə elektromobillər kimi hazır məhsullardan ibarət olmadığı, əsas təhdidin sənayenin can damarı olan aralıq komponentlərin Çindən çox intensiv şəkildə idxal edilməsindən qaynaqlandığı vurğulanır.

Aşağı məzənnə siyasəti və dövlət subsidiyaları sayəsində Çin məhsullarının Avropa bazarında 30–50 faiz daha ucuz satılması avropalı satınalma menecerlərini rasional olaraq bu məhsullara yönəldir.

Lakin bu vəziyyət yerli istehsalı qeyri-dayanıqlı hala gətirərək sənayenin kiçilməsinə və təkcə Almaniyada maşınqayırma və avtomobil sektorlarında on minlərlə iş yerinin itirilməsinə səbəb olur.

Kritik dərman xammalından tutmuş kimyəvi maddələrə və plastik istehsalına qədər bir çox sahədə Avropanın idxal həcminin demək olar ki, tamamına Çinin dominantlıq etməsi Brüsseli hərəkətə keçməyə məcbur edib.

Avropa Komissiyası şirkətlərin strateji komponentləri ən azı üç fərqli tədarükçüdən almasını məcburi edəcək təxirəsalınmaz tədbirlər üzərində işləyir.

Avropa sənayesini qorumaq naminə hazırlanmış "Made in EU" kimi hüquqi tənzimləmələrin qüvvəyə minməsinin növbəti illəri əhatə etməsi isə təzyiqi daha da artırır.

Ekspertlər xəbərdarlıq edirlər ki, tətbiq edilən gömrük rüsumları Çinin məzənnə gedişləri ilə təsirsiz hala gəlir və mövcud ticarət disbalansı bu sürətlə davam edərsə, məsələ iqtisadi böhran olmaqdan çıxıb Avropa üçün bir təhlükəsizlik probleminə çevriləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu