ABŞ-ın Strateji Neft Rezervi 43 ilin ən aşağı səviyyəsinə düşüb
İrandakı müharibənin sürətlə yüksəltdiyi neft qiymətlərini nəzarət altında saxlamaq məqsədilə milyonlarla barel nefti bazara çıxaran ABŞ-ın Strateji Neft Rezervi son 43 ilin ən aşağı səviyyəsinə düşüb.
AFN.az xəbər verir ki, ABŞ Energetika Nazirliyinin məlumatlarına görə, ölkənin Strateji Neft Rezervi təxminən 340,3 milyon barelə qədər geriləyib.
Bununla da ABŞ-ın Strateji Neft Rezervi 1983-cü ildən bəri qeydə alınan ən aşağı göstəriciyə enib.
Beynəlxalq Enerji Agentliyi (IEA) ölkələri İrandakı müharibə səbəbindən neft qiymətlərinin sürətlə artmasından sonra mart ayında tarixin ən yüksək həcmində strateji neft rezervinin bazara çıxarılması barədə razılığa gəlmişdilər.
Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol Hürmüz boğazının faktiki olaraq bağlanması ilə itirilən tədarükü kompensasiya etmək üçün ümumilikdə 400 milyon barel neftin bazara təqdim ediləcəyini bəyan etmişdi.
ABŞ Energetika Nazirliyi də bu çərçivədə ölkənin Strateji Neft Rezervindən 172 milyon barel neftin bazara çıxarılacağını açıqlamışdı.
Sözügedən neftin bazara təqdim olunmasının təxminən 120 gün çəkəcəyi bildirilmişdi.

