Məktəbli Asim Hüseynov öz mobil tətbiqini yaradıb
Bakı şəhəri 217 nömrəli tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi Asim Hüseynov "AsimChat" adlı yeni mesajlaşma tətbiqi yaradıb.
AFN.az xəbər verir ki, Android platforması üçün yaradılan tətbiq istifadəçilərə bir-biri ilə mesajlaşmaq, qruplar yaratmaq və şəkillər paylaşmaq imkanı verir. Layihə müasir kommunikasiya vasitələrinin əsas funksiyalarını özündə birləşdirərək istifadəçi rahatlığını təmin etməyə yönəlib.
A.Hüseynov layihənin hazırlanmasında Kotlin proqramlaşdırma dilindən istifadə edib. Tətbiqin ərsəyə gəlməsi prosesində müxtəlif texniki çətinliklərlə qarşılaşsa da, fərdi araşdırmalar apararaq onların öhdəsindən gəlməyi bacarıb.
"AsimChat" tətbiqi azərbaycanlı məktəblinin innovativ düşüncə tərzinin, texnologiyalara olan böyük marağının və öz üzərində davamlı işləməsinin uğurlu nəticəsidir. Gələcəkdə informasiya texnologiyaları (İT) sahəsində daha böyük layihələr həyata keçirməyi hədəfləyən Asim Hüseynov, yeni texnoloji həllər üzərində çalışmağı və qlobal innovativ məhsullar yaratmağı qarşısına məqsəd qoyub.
Məktəblinin əldə etdiyi bu nailiyyəti yüksək qiymətləndirir və ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.

