Texasda arı daşıyan TIR aşdı: Milyonlarla bal arısı ətrafa yayıldı



ABŞ-nin Texas ştatında təxminən 400 pətək daşıyan bir TIR-ın aşması nəticəsində milyonlarla bal arısı kənd tipli yaşayış məntəqəsinə dağılıb. 

AFN.az xəbər verir ki, səlahiyyətlilər qəzadan sonra bölgədə geniş təhlükəsizlik tədbirləri görüblər.

Orange County fövqəladə hallar rəsmiləri bazar günü səhər saatlarında baş verən qəzanın ardından ərazidəki yolları hərəkətə bağlayıb və qruplar TIR-ı boşaldaraq xilas edə bildikləri qədər pətəyi qorumağa çalışarkən məhəllə sakinlərinə evlərindən çıxmamaq barədə xəbərdarlıq ediblər.

Hyuston şəhərinin şərqində, Luiziana sərhədində yerləşən bölgədə ilkin məlumatlara görə, arı sancması hadisəsi və ya ciddi bir xəsarət qeydə alınmayıb. Pətəklərin sahibinin kimliyi isə hələlik dəqiqləşməyib.

Hadisə yerinin yaxınlığında arıçılıq təsərrüfatı olan Kristi Rey bölgədəki üç və ya dörd fərqli arıçılıq firmasının könüllülərinin kömək etmək məqsədilə bazar günü qəza sahəsinə getdiyini bildirib.

Digər bir yerli təsərrüfat sahibi Kris Mur isə oğlu və işçiləri ilə birlikdə xilasetmə işlərində iştirak etdiyini, lakin 408 pətəkdən yalnız dörddə birinin xilas edilə biləcəyini təxmin etdiyini söyləyib.

Mur arıların sağ qalmasının böyük ölçüdə qəzadan sonra neçə ana arının sağ qalmasından asılı olduğunu vurğulayıb.

Bu miqyasdakı bir itkinin arıçılıq müəssisələrinə təsirinin təsərrüfatın böyüklüyündən asılı olduğunu ifadə edən Kris Mur istehsalçının təkcə pətəkləri deyil, həm də həmin pətəklərin verə biləcəyi potensial gəliri itirdiyini qeyd edib.

Mur bunun böyük bir itki olduğunu və birdən-birə bu qədər çox pətək itirməyin ciddi bir zərbə vurduğunu deyib.

Böyük arıçılıq müəssisələrinin Kaliforniya kimi ştatlarda kənd təsərrüfatı tozlanmasını təmin etmək və bal istehsalı məqsədilə Cənub və Orta Qərb bölgələrindəki çiçəkləmə mövsümlərini izləmək üçün pətəkləri ölkə daxilində daşıması sektorda tez-tez tətbiq olunan bir üsul kimi tanınır.

Qəzaya uğrayan pətəklərin Şimali Dakotaya getmək üçün yola çıxdığı öyrənilib.

TIR sürücüsünün səhv yola girərək dar küçələri olan bir məhəlləyə döndüyü və kəskin döngəni dönməyə çalışarkən qoşqunun aşdığı bildirilib.

Yerli arıçılar ərazidə qalan sahibsiz arıları toplamaq üçün tutma qutuları yerləşdirərkən, həşəratların ərazidən tamamilə təmizlənməsinin vaxt aparacağı proqnozlaşdırılır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu