Dövlət Komitəsi jurnalistin iddiaları ilə bağlı açıqlama yaydı
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Böyük Qayıdış prosesi ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara, o cümlədən jurnalist Nuranə Abdullayevanın paylaşım və video müraciətlərinə münasibət bildirib.
AFN.az xəbər verir ki, Komitə Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının qanunvericiliyin tələblərinə uyğun, mərhələli, könüllü, təhlükəsiz və dayanıqlı şəkildə həyata keçirildiyini vurğulayıb.
Qurumun açıqlamasında qeyd olunur ki, məskunlaşdırma prosesi yaşayış məntəqələri tam hazır olduqdan sonra və müəyyən edilmiş hüquqi meyarlar əsasında həyata keçirilir.
Komitə bildirir ki, Böyük Qayıdışın təşkili zamanı şəxsi maraq və tələblərinin mövcud qanunvericilik çərçivəsində təmin edilməsi mümkün olmayan bəzi şəxslər müxtəlif internet resurslarında qərəzli paylaşımlar edir, bununla da Böyük Qayıdış prosesinin gedişi və Komitənin fəaliyyəti barədə ictimaiyyətdə yanlış fikirlər formalaşdırmağa çalışırlar.
Açıqlamada jurnalist Nuranə Abdullayevanın da sosial şəbəkələrdə səsləndirdiyi iddialara toxunulub.
Belə ki, N.Abdullayeva vəfat etmiş atasına vaxtilə Ağdam şəhərində məxsus olmuş yaşayış evinin əvəzinə həmin şəhərdə yeni tikilən binalardan mənzil verilməsini tələb edib. O, həmçinin müxtəlif sosial media paylaşımlarında Ağdamda yaşayış sahəsi ayrılmadığı təqdirdə Bakı şəhərində müvəqqəti yaşayış yeri və ya yataqxana ilə təmin olunmasını istəyib.
Komitənin məlumatına görə, müraciətlə bağlı aparılan araşdırma zamanı N.Abdullayevanın məcburi köçkün statusuna malik olmayan Bakı şəhər sakini ilə nikahda olduğu müəyyən edilib. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, onun tələb etdiyi formada yaşayış sahəsi ilə təmin olunması üçün hüquqi əsasın olmadığı barədə ona dəfələrlə izahat verilib.
Buna baxmayaraq, Komitənin bildirdiyinə görə, həmin hüquqi əsaslar sonradan yayılan video müraciətlərdə və sosial media paylaşımlarında əks etdirilməyib, məsələ əsasən emosional müstəvidə təqdim olunub.
Monitorinq materiallarına istinad edən Dövlət Komitəsi bildirir ki, müxtəlif video materiallar “Kanal 15 TV” loqosu ilə şəxsi sosial media hesablarında yayımlanıb. Qurumun fikrincə, Dövlət Komitəsinin rəsmi mövqeyi öyrənilmədən və ya təqdim edilmədən yayılan bu materiallarda hadisələrin yalnız bir tərəfinin mövqeyi əks olunub. Müraciət üzrə aparılmış araşdırmalar, verilmiş rəsmi izahatlar və qanunvericiliklə müəyyən edilmiş hüquqi meyarlar barədə məlumatların isə ictimaiyyətə çatdırılmadığı qeyd edilib.
Komitə Böyük Qayıdış prosesi ilə bağlı sosial şəbəkələrdə ardıcıl paylaşımlar edən İntiqam Türbəndəyevin iddialarına da münasibət bildirib.
Açıqlamaya əsasən, Xocalı rayonunun Cəmilli kəndində daimi qeydiyyatda olan keçmiş məcburi köçkün İntiqam Türbəndəyev Xanyurdu kəndinə köçürülməsi ilə bağlı Komitəyə müraciət etdiyini sosial şəbəkə hesabında paylaşım edib.
Komitə bildirir ki, İ.Türbəndəyev paylaşım etməzdən əvvəl Qayıdışın qeydiyyatı və təşkili şöbəsinin müdiri tərəfindən qəbul edilib və ona ailə tərkibinə uyğun olaraq Xanyurdu kəndində 3 otaqlı fərdi evə köçürüləcəyi bildirilib. Lakin müraciət müəllifi bununla razılaşmayıb və yaşayış sahələri ilə bağlı qüvvədə olan qanunvericiliyin tələbləri və müəyyən edilmiş meyarlar nəzərə alınmadan Xanyurdu kəndində özünün seçdiyi 5 otaqlı evin ona verilməsini tələb edib.
Dövlət Komitəsi qeyd edir ki, adıçəkilən şəxslər rəhbərlik tərəfindən qəbul olunub, müraciət etdikləri məsələlərə qanunvericiliyin tələblərinə uyğun baxılacağı barədə məlumatlandırılıblar. Buna baxmayaraq, sonradan sosial şəbəkələrdə yayılan paylaşımlarda Komitənin fikrincə, qərəzli və böhtan xarakterli iddialar səsləndirilib.
Qurum hesab edir ki, bu cür paylaşımlar ictimaiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, həm Dövlət Komitəsinin fəaliyyətinə, həm də Böyük Qayıdış proqramına kölgə salmağa yönəlib.
Dövlət Komitəsi bir daha bildirib ki, Böyük Qayıdış Proqramı çərçivəsində bütün qərarlar yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qəbul edilir və heç bir müraciət qanunvericilikdən kənar qaydada həll edilə bilməz.
Qurum dövlət orqanlarının fəaliyyəti ilə bağlı məlumatların yayılması zamanı rəsmi mövqeyin öyrənilməsinin, faktların tam və obyektiv təqdim olunmasının cəmiyyətin düzgün məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Eyni zamanda, Komitə xatırladıb ki, dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyəti barədə həqiqətə uyğun olmayan məlumatların yayılması, rəsmi mövqenin bilərəkdən təhrif edilməsi, böhtan və işgüzar nüfuza xələl gətirən iddiaların ictimailəşdirilməsi qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət yarada bilər.


