Demoqrafik siqnal: Azərbaycanda 10 ildə doğum 47 faiz azalıb
Azərbaycanın demoqrafik göstəricilərində son 10 ildə baş verən dəyişiklik artıq statistik rəqəmlərdən daha böyük mənzərə ortaya qoyur. 2026-cı ilin ilk 6 ayında 40 798 uşaq doğulub. Halbuki 2016-cı ilin ilk altı ayında ölkədə 77,3 min uşaq doğulmuşdu. Yəni on il ərzində Azərbaycanda yanvar-iyun aylarında doğulan uşaqların sayı 36,5 min nəfər və ya 47,2 faiz azalıb.
AFN.az xəbər verir ki, daha diqqətçəkən məqam doğum əmsalıdır. 2016-cı ilin ilk yarısında hər 1000 nəfərə 16,1 doğum düşürdüsə, 2026-cı ildə bu göstərici 8,0-a enib. Başqa sözlə, əmsal iki dəfə aşağı düşüb.
Bu rəqəmlər təsadüfi illik dəyişiklikdən söhbət getmədiyini göstərir. Söhbət bütövlükdə ölkənin demoqrafik davranışında baş verən dəyişiklikdən gedir.
Bəs ötən on ildə nə dəyişib?
2016-cı ildə Azərbaycanın demoqrafik mənzərəsində daha yüksək doğum səviyyəsi müşahidə olunurdu. 2026-cı ildə isə eyni müddətdə doğulan uşaqların sayı əvvəlki göstəricinin cəmi 52,8 faizini təşkil edir. Başqa sözlə, 10 il əvvəl ilin ilk yarısında hər 100 körpəyə qarşı bu gün təxminən 53 körpə doğulur. Burada diqqət çəkən məqam odur ki, ölkə əhalisinin ümumi sayı bu müddətdə artıb. Deməli, doğumların azalmasını yalnız əhalinin azalması ilə izah etmək mümkün deyil. Əksinə, əhali artdığı halda doğum əmsalının 16,1-dən 8,0-a düşməsi daha fundamental prosesdən xəbər verir. Bəs səbəb nədir?
Doğum göstəricilərinə yalnız əhalinin ümumi sayı təsir etmir. Ailə quranların sayı, ilk nikah yaşı, ailələrin neçə uşaq sahibi olması, mənzil və gəlir imkanları, qadınların əmək bazarında iştirakı, uşaq baxımı xərcləri və digər sosial-iqtisadi amillər də demoqrafik davranışı müəyyənləşdirir. Bu səbəbdən 10 il ərzində doğumların 47 faizdən çox azalması təkcə “ailələr az uşaq istəyir” cümləsi ilə izah edilə bilməz.
Məsələnin digər tərəfi isə gənclərin miqrasiyasıdır. Reproduktiv yaşda olan insanların ölkədən uzunmüddətli köçü davam edirsə, bu proses gələcək doğum göstəricilərinə də təsirsiz ötüşməyə bilər. Çünki ölkədə doğum potensialını formalaşdıran əhalinin bir hissəsi xaricdə yaşayır. Lakin burada bir məqam xüsusi araşdırılmalıdır: Azərbaycandan gedənlərin hansı yaş qruplarına aid olması və onların nə qədərinin geri qayıtması.
Əgər miqrasiya əsasən 18–30 yaşlı gənclərin hesabına baş verirsə, məsələ yalnız əmək bazarının itirdiyi işçi qüvvəsi ilə məhdudlaşmır. Bu zaman ölkə gələcək ailə və doğum potensialının da bir hissəsini itirə bilər.
Bugünkü doğum statistikası sabahın əmək bazarıdır
Demoqrafik proseslərin ən təhlükəli tərəfi nəticələrin dərhal görünməməsidir. 2026-cı ildə doğulan 40 798 uşaq yaxın illərdə əmək bazarına daxil olmayacaq. Lakin onların sayı gələcəkdə ölkənin məktəb kontingentini, daha sonra universitetlərə müraciət edənlərin sayını, daha sonra isə əmək bazarına daxil olan gənclərin sayını müəyyənləşdirəcək. Əgər doğum səviyyəsi uzun müddət aşağı qalarsa, bu günün statistik göstəricisi sabah əmək resurslarının azalmasına çevrilə bilər. Bu isə iqtisadiyyat üçün daha ciddi məsələdir.
Daha az əmək qabiliyyətli əhali daha çox yaşlı əhalinin sosial təminat xərclərinin işləyən əhalinin üzərinə düşməsi demək ola bilər. Pensiya sistemi, səhiyyə, sosial müdafiə və əmək bazarı qarşısında yeni çağırışlar yarana bilər.
Ən böyük risk: azalan nəsil...
Demoqrafiyada bir təhlükəli məqam var: azalan nəsil gələcəkdə daha az valideyn deməkdir.
Bu gün doğulan uşaqların sayı azalırsa, 20-30 il sonra valideyn olmaq yaşına çatacaq insanların sayı da əvvəlki nəsillərdən az ola bilər. Bu isə növbəti mərhələdə doğumların daha da azalması riskini yaradır. Beləliklə, proses yalnız “bu il daha az uşaq doğuldu” səviyyəsində qalmır. Az doğum → daha kiçik gənc nəsil → gələcəkdə daha az potensial valideyn → daha aşağı doğum. Əgər bu zəncir qırılmasa, demoqrafik azalma uzunmüddətli xarakter ala bilər.
Demoqrafiya yalnız statistika və ya sosial siyasət məsələsi deyil. Əhalinin yaş strukturu, əmək resursları, miqrasiya, doğum və ölüm göstəriciləri ölkənin iqtisadi və sosial dayanıqlığına birbaşa təsir göstərir.
Bu baxımdan 10 il ərzində doğumların 47,2 faiz azalması dövlət üçün ciddi siqnaldır. Burada əsas məsələ yalnız ailələri daha çox uşaq sahibi olmağa çağırmaq deyil. Əsas sual budur: gənc ailələrin qarşısında hansı maneələr var və dövlət bu maneələri azaltmaq üçün nə edir? Mənzil imkanları, gəlirlərin səviyyəsi, uşaq bağçalarının əlçatanlığı, anaların əmək bazarında vəziyyəti, uşaq böyütməyin xərcləri, regionlarda iş imkanları və gənclərin xaricə getmə səbəbləri eyni araşdırmanın predmetinə çevrilməlidir. Çünki 2016-cı ildə 77,3 min olan yarımillik doğum sayının 2026-cı ildə 40 798-ə düşməsi artıq problemin mövcudluğunu göstərir.
Azərbaycan bu rəqəmləri dəyişmək üçün nə edir və mövcud demoqrafik tendensiya davam edərsə, ölkəni qarşıdakı 10–20 ildə nə gözləyir? Bunu aidiyyatı qurumlar araşdırıb nəticə çıxarsalar, yaxşı olar.
Həbibə ABDULLA

