Aİ-yə üzvlük üçün mərhələli və geri dönə bilən model təklif edilir


Avropa Komissiyası yeni ölkələrin Avropa İttifaqına qəbulunun mərhələli və müəyyən şərtlər daxilində geri dönə bilən mexanizm əsasında həyata keçirilməsini təklif edib.

AFN.az xəbər verir ki, bunu Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos Strasburqda Avropa Parlamentinin sessiyasında açıqlayıb.

Kosun sözlərinə görə, yeni yanaşmanın əsas şərtləri namizəd ölkənin islahatlarda irəliləyiş əldə etməsi və Aİ ilə strateji uyğunlaşmanı təmin etməsidir. Namizəd ölkələrin Aİ standartlarını və qaydalarını tətbiq etməsi, eləcə də birliyin xarici siyasət, təhlükəsizlik və sanksiya istiqamətləri ilə uyğunlaşması nəzərdə tutulur.

Təklifə əsasən, bu tələbləri yerinə yetirən namizəd ölkələr tam üzvlükdən əvvəl Aİ Şurasının xarici işlər və müdafiə nazirlərinin iclaslarında məhdud iştirak hüququ əldə edə bilərlər. Eyni zamanda, yeni üzvlərin Aİ strukturlarına və ayrı-ayrı siyasət sahələrinə daha erkən mərhələdə qoşulması imkanları da nəzərdən keçirilir.

Modelin “geri dönə bilən” olması isə ölkənin Aİ dəyərlərindən və maraqlarından uzaqlaşması halında müəyyən hüquqlarının, o cümlədən səsvermə hüququnun və Aİ maliyyələşməsinin məhdudlaşdırılmasını nəzərdə tutur. Bu mexanizmin detalları hələ hazırlanmalıdır.

Komissiyanın təklifləri arasında Aİ Şurasında bəzi məsələlər üzrə veto hüququndan imtina edilməsi də yer alır. Buraya genişlənmə və sanksiya siyasəti ilə yanaşı, vergidən yayınma ilə mübarizə kimi sahələr daxildir.

Aİ-nin mövcud üzvlük qaydalarına əsasən, namizəd ölkələr Aİ qanunvericiliyinin tələblərinə uyğunlaşmalı, demokratik təsisatların və hüququn aliliyinin təmin olunması da daxil olmaqla müəyyən meyarlara cavab verməlidir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu