KTN-də heyvandarlığın inkişafına həsr olunan dövlət proqramı layihəsinin müzakirəsi keçirilib




Kənd Təsərrüfatı Nazirliyində “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair” Dövlət Proqramı layihəsinin ictimai müzakirəsi keçirilib. İctimai müzakirədə nazirlik təmsilçiləri, icra strukturlarının nümayəndələri və fermerlər iştirak ediblər.

AFN xəbər verir ki, tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanda aqrar sahə özünün yeni inkişaf mərhəkəsinə qədəm qoyub: “Cənab Prezidentin tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə heyvandarlığın inkişafına dair Dövlət Proqramı hazırlanıb. Proqramın əsas məqsədi ölkədə yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaq, məhsuldarlığı artırmaqdır. Proqramın yerinə yetirilməsi nəticəsində heyvan mənşəli məhsulların istehsal həcmi artacaq, yem ehtiyatları, örüş və otlaq sahələri daha səmərəli istifadə ediləcək. Məhsuldarlığın artması fermerlərin gəlirlərinin artmasına, onların maddi rifah halının yaxşılaşmasına şərait yaradacaq”.

Daha sonra Aqrar Tədqiqatlar Mərkəzinin heyvandarlıq şöbəsinin baş mütəxəssisi Elşad Rzayev Dövlət Proqramının layihəsi barədə təqdimatla çıxış edib. İştirakçılara Dövlət Proqramının məqsədi, funksiyaları, istiqamətləri, əhəmiyyəti, növbəti illərdə ölkədə heyvandarlığın inkişaf etdirilməsi, örüş-otlaq ərazilərindən səmərəli istifadə məqsədilə görülən işlər barədə geniş məlumat verilib.

Təqdimatdan sonra nazir İnam Kərimov fermerlərin suallarını cavablandırıb. İctimai müzakirələrdə Dövlət Proqramına təkliflər səsləndirilib, layihədə nəzərdə tutulan əsas istiqamətlər barədə fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı ölkədə heyvandarlığın və örüş-otlaq ərazilərinin mövcud vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb, bu istiqamətdə görülmüş işlərlə bağlı hesabatlar dinlənilib. İctimai müzakirədə ölkədə heyvandarlığın inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə, məhsuldarlığın artırılması üçün həyata keçiriləcək tədbirlərə toxunulub. Tədbirin sonunda analoji ictimai müzakirələrin mütəmadi olaraq keçirilməsi qərara alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu