Üç azyaşlı uşaqla Miçiqan Universitetinin doktoranturasında təhsil alan azərbaycanlı xanım- FOTOLAR




Çox bacarıqlı, işgüzar xanımdır. Yorulmadan, əzmlə məqsədə doğru irəliləyir. Zarafat deyil, üç azyaşlı övladı olmasına baxmayaraq doktoranturada təhsil alır. Yaşadığı Holland şəhərinin rəhbərliyi onu yaxşı tanıyır. Hər il bu şəhərdə keçirilən "Beynəlxalq mədəniyyət günü"ndə Azərbaycanı təqdim etmək üçün bu dəfə ona çadır da ayrılıb. Avqust ayında baş tutacaq bu tədbirə ciddi hazırlaşır. İstəyir ki, ən yaxşı mədəniyyət nümunəsi kimi, ölkəmizi təmsil edən çadır keçiriləcək müsabiqənin qalibi olsun…



Haqqında söhbət açdığım Lamiyə Şərəfxanova Kəlbəcər rayonunun Qılıçlı kəndində dünyaya gəlib. Beşinci sinfə qədər həmin kənddə oxuyub. Kəlbəcərin işğalından sonra Bakıda məskunlaşıblar. 1999-cu ildə 285 nömrəli məktəbdə orta təhsilini başa vurub. 2004-cü ildə Azərbaycan Dillər Universitetində dilşünaslıq və tərcümə ixtisası üzrə bakalavr, 2006-cı ildə isə fərqlənmə diplomu ilə magistr dərəcəsinə yiyələnib. Eyni zamanda, 2000-ci ildən 2005-ci ilədək BMT-nin "Gənc könüllülər proqramı"na qoşulub. "Qaçqın və Məcburi Köçkünlərə Dəstək Mərkəzi"ndə, eləcə də ABŞ-ın "Uşaqların xilası beynəlxalq təşkilatı"nın Azərbaycan nümayəndəliyində könüllü kimi fəaliyyət göstərib. 2005-2007-ci illərdə Açıq Cəmiyyət İnstitutunda "Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi"ndə sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyasının təşkili proqramında layihə əlaqələndiricisi işləyib. Sonra bir il ABŞ-ın Alabama ştatının A&M Universitetində inkluziv təhsil üzrə magistr dərəcəsinə yiyələnib. 2009-cu ildə yenidən Bakıya, əvvəl işlədiyi "Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi"nə qayıdıraq 2013-cü ilədək orada layihə rəhbəri, sonradan "Əlilliyi olan uşaqların təhsili: siyasət və münasibətin dəyişdirilməsi proqramı"nın rəhbəri vəzifəsində çalışıb. Bununla yanaşı 2009-2016-cı illərdə Xəzər Universitetində müəllim işləyib. İngilisdilli qruplara təhsilin siyasəti, fəlsəfəsi və digər fənnlərdən dərs deyib. Təhsillə bağlı bir sıra beynəlxalq konfranslarda ölkəmizin təhsil sistemi ilə bağlı təqdimatlar və çıxışlar edib…

…Atası Şəmşir Bəylərov ixtisasca mühasibdir. Uzun illər təşkilatlardan birində baş mühasib işləyib. Anası Gülzar xanım Qum adasında Neft və Qaz çıxarma idarəsində çalışıb. 2016-cı ildə dünyasını dəyişib…

2014-cü ildə təhsil nazirliyinə baş məsləhətçi kimi işə qəbul olunub və bir il sonra Bakı Təhsil İdarəsinin təhsilin inkişafı şöbəsinə rəhbər təyin edilib. İki il orada çalışdıqdan sonra ABŞ-ın Miçiqan ştatının Holland şəhərinə köçüb. Hazırda Miçiqan Universitetində ikili dərəcə proqramında təhsil alır: Sonda Cerald Ford adına ictimai siyasət məktəbində "Təhsil siyasətinin analizi" üzrə magistr, Təhsil məktəbində isə "Liderlik, inovasiya və idarəetmə" üzrə doktorluq dərəcələrinə yiyələnəcək…

Deyir ki,- "Ən böyük arzum ABŞ-ın ştatlarından birində yerli hökumətdə işə düzəlməkdir. Bu yolla daha böyük uğurlara imza atmaq mümkündür. Azərbaycana, eləcə də burada yaşayan soydaşlarımıza daha çox fayda vermək olar. Öyrəndiklərimi, bildiklərimi isə vətəndə tətbiq etməyə həmişə hazıram"…

…Ömür-gün yoldaşı Yaşar Şərəfxanov ixtisasca elektrik mühəndisidir. Hazırda Koreyanın LG şirkətinin ABŞ-dakı filialında çalışır. Üç övladı var. Əkiz qızlar- Ləman və Fidan xanımlar, elcə də iki yaşlı Cavid bəy…

Yeri gəlmişkən, əkiz qızların oxuduğu məktəbdə VİP valideyn seçilib. Bu o deməkdir ki, bir il ərzində məktəbdə keçirilən tədbirlərdə valideynlər adından danışmaq, dərslərdə iştirak etmək hüququ qazanıb…

Bəli, həyat çox qəribədir, qarşıya qoyulan məqsəd, özünə inam, savad insanı dünyanın harasına desən aparıb çıxara bilir. Təhsil almaq, daha elmli olmaq üçün heç bir çətinlik insanın qarşısında maneə ola bilməz.
Üç azyaşlı uşaqla qərib bir ölkədə doktoranturada təhsil alan Lamiyə xanım buna bariz nümunədir. Yaxşı deyiblər,- "Niyətin hara, mənzilin də ora"…





Elman Eldaroğlu,
ABŞ, Miçiqan



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu