“Şuşa”nı qumarda udan diaspora rəhbəri: “Ermənilər də bizim kimi qərib ölkədədirlər”
“Şuşa” restoranını qumarda udan diaspora rəhbəri Vaqif Məmişovla bağlı AFN-nin redaksiyasına yeni məlumat daxil olub.
Bildirilir ki, mərhum prezident Heydər Əliyevin 1999-cu ildə Rusiyaya səfəri zamanı Sankt Peterburqa Nizami Gəncəvinin abidəsinin açılışından sonra diaspora rəhbərləri ilə görüşü olub. Həmin görüşdə diaspora rəhbərlərinə səslənən mərhum prezident onlara Azərbaycanın adını həmişə uca tutmağı, ölkəmizi layiqincə təmsil etməyi tövsiyə edib: “Sizin hər birinizi görən, sizinlə danışan, söhbət edən adamda Azərbaycan haqqında təəssürat yaranır. Siz çalışın ki, Azərbaycan xalqının yüksək mənəvi keyfiyyətlərini, insani keyfiyyətlərini həm özünüzdə formalaşdıra biləsiniz, həm də hər yerdə onları nümayiş etdirə biləsiniz ki, kimlə görüşürsüz-görüşün bilsinlər Azərbaycan və Azərbaycan xalqı hansı səviyyədədir”. H. Əliyev diaspora rəhbərlərindən həm də düşmənlərimizə qarşı bir olmağı və barışmaz mövqe sərgiləməyi tövsiyə edib. Görüşdə çıxış edən Sankt Peterburqda Azərbaycanm Milli- Mədəni Muxtariyyətinin rəhbəri Vaqif Məmişov keçirdikləri tədbirlər barədə danışıb. Bu sırada o, ədəbi-bədii gecələrin keçirilməsi, Azərbaycanda çap olunan qəzetlərdən götürülən yazılardan ibarət qəzetin çıxarılması və sairədən söz açıb. Ermənilərin məlum təbliğatına qarşı Azərbaycan diasporunun fəaliyyətindən isə ümumiyyətlə danışmayıb. Bu da jurnalistlərin marağına səbəb olub. Və media təmsilçiləri bu barədə Məmişovun fikirlərini yenidən soruşmaq qərarına gəliblər. Məmişovun müsahibəsi isə təəssüf doğurucu bir mənzərə yaradıb. Hətta o zaman bu müsahibə yayımlanandan sonra Məmişova rəsmi Bakıdan etiraz da bildirilib. Sankt Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin rəhbəri Vaqif Məmişovun mediaya müsahibəsindən sitat: “Biz ermənilərin işinə qarışmırıq. Onlar da bizim kimi qərib ölkədədir. Onların işinə qarışmağımız düzgün çıxmaz. Düzgün çıxmaz ki, biz onların arxasınca düşək və görək nə işlə məşğuldurlar. Bizim ermənilərlə və onların diasporası ilə bir elə əlaqəmiz, münasibətimiz, söhbətimiz yoxdur. Biz öz işimizlə məşğuluq”. Müsahibə əsnasında V.Məmişovun yaxın adamı kimi yanında olan diaspor fəalı Gündüz Əhmədov isə belə bir ifadə işlədib: “Bizim ermənilərlə heç bir ziddiyyətimiz yoxdur”. Jurnalistin Azərbaycan Milli-Mədəni Muxtariyyəti icmasının adında niyə “Muxtariyyət” sözünün olması və azərbaycanlıları niyə bu ad altında birləşdirmələri ilə bağlı sualını V.Məmişov belə izah edib: “Yəqin texniki səhvdir”.
Vurğulayaq ki, həmin görüşdə istirak edən diaspor rəhbərlərinin Qarabağ problemi, Sankt-Peterburqda bu məsələ ilə bağlı hər hansı fəaliyyət haqda heç bir məqama toxunmaması mərhum Prezidentin də diqqətindən yayınmayıb. Tədbir günü və reportaj yayımlanandan sonra da Heydər Əliyev diaspor rəhbərlərinə ciddi irad bildirib. Qeyd edək ki, həmin görüş və sonrakı müsahibə ilə bağlı AFN-in redaksiyasına videogörüntü təqdim edilib. Həmin görüntülər redaktə edildikdən sonra ictimailəşdiriləcək. V.Məmişov Sankt Peterburqda erməni icmasının dostu kimi tanınıb. Şəhərdə yaşayan soydaşlarımızın ermənilər əleyhinə hər hansı bir fəaliyyətini, tədbirlərin keçirilməsini şəhər rəhbərliyinin vasitəsilə qadağan edir. Bu tip tədbirlər keçirmək istəyən həmyerlilərimizi ölkədən deportasiya etdirmək hədəsi ilə susdurur. Məlumat üçün onu da qeyd edək ki, V.Məmişov 1985-ci ildən Sankt Peterburqda yaşayır.
Vaqif Məmişov, 1999-cu il
Gündüz Əhmədov, 1999-cu il