Arif Əsədov: "Qarabağ" "Sivasspor"dakı gərginlikdən yararlanmalıdır"


"Qarabağ" qrupdakı ilk 2 oyunu pis keçirmədi. Sadəcə hücum xəttində müəyyən problemlər, qol vurmaq baxımından çətinlikləri oldu".



Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov "Qarabağ"ın UEFA Avropa Liqasının I qrupunun III turunda Türkiyədə "Sivasspor"la keçirəcəyi matç barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis bildirib ki, bu qarşılaşma Ağdam klubu üçün 9 xallıq oyundur: "Qarabağ" mütləq bu görüşdən xal və ya xallar götürməlidir ki, mərhələ adlama şansını davam etdirsin. İnanıram ki, yaxşı oyunla ən pis halda heç-heçə edə bilərlər. Düzdür, indiki halda qrupdan çıxmaq çətin görünə bilər. Amma "Sivasspor"la görüşdə qazanılacaq 3 xal şansları artıracaq. Qarşıda hələ 4 oyun var. "Vilyarreal"la matçı çıxsaq, digər 3 qarşılaşmadan maksimum nəticə əldə etmək olar".

"Sivasspor"un oyunu və nəticələri ilə yaxından maraqlandığını söyləyən Əsədov Superliqa təmsilçisinin yaxşı vəziyyətdə olmadığını vurğulayıb: "Son oyunlarında xeyli xallar itirilib. Komanda çempionatda da uğursuz çıxış edir. Bu baxımdan psixoloji gərinlikləri də var. Heyətdə zədəlilər çoxdur. "Qarabağ" bu amillərdən maksimum yararlanmalıdır. Ağdam təmsilçisi artıq optimal formasını bərpa edir. "Vilyarreal"la matçdakı kimi oynasalar, 3 xal qazana bilərlər".

Qeyd edək ki, noyabrın 5-də "Yeni Sivas 4 Eylül" stadionunda keçiriləcək "Sivasspor" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu