"KapitalBank" jurnalistin kart hesabından 200 manatı niyə silib? - AÇIQLAMA
Jurnalist Valeh Arifoğlunun "KapitalBank"a məxsus kart hesabından 200 manatadək pul silinib.
AFN.az xəbər verir ki, bu barədə jurnalist özü məlumat yayıb. Bildirib ki, "KapitalBank" 200 manatadək pul silib və kartı 20.83 AZN məbləğində mənfiyə düşüb: "Operatora zəng edirəm deyir kartınız mənfiyə düşüb. Bu necə ola bilər? Mənim xəbərim olmadan necə mənfiyə düşə bilir hesabım, anlamadım". V.Arifoğlu qeyd edib ki, hesabından pul xəbəri olmadan silinib.
"KapitalBank"ın mətbuat xidmətindən AFN.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Valeh Arifoğlunun müraciətinə əsasən araşdırılma aparılıb: "Bəlli oldu ki, müştəriyə digər bankdan 150 AZN məbləğində pul göndərilib və balansı artırılıb. Qaydalara əsasən həmin məbləğ göndərilən bank tərəfindən təyin edilən vaxt ərzində təsdiq edilmədiyi üçün müştərinin balansından silinib. Məbləğdən xərclənən hissə isə müştərinin balansında borc kimi görünüb. Məsələ ilə bağlı müştəriyə ətraflı məlumat verilib və qarşı banka müraciət edilməli olduğu bildirilib".