Rəisidən sonrakı gündəm: Təyyarə və helikopter qəzalarında həlak olan liderlər...


İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması dünya gündəmini sözün əsl mənasında dəyişib. Hazırda maraqlı olan mövzulardan biri də indiyədək təyyarə və helikopter qəzalarında dünyasını dəyişən liderlərdir.

AFN.az xarici mediaya istinadən bu tarixə bir daha ekskursiya edib.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi bazar günü helikopterinin qəzaya uğraması nəticəsində dünyasını dəyişdi. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da daxil olmaqla, helikopterdəki heyətdən heç kim sağ qalmadı.



Dünya siyasətində əvvəllər də çoxlu təyyarə və vertolyot qəzaları olub və bu qəzalar nəticəsində bir çox dövlət başçıları həyatını itirib. 9 dekabr 1936-cı ildə İsveçin baş naziri Arvid Lindmanı daşıyan təyyarə havaya qalxdıqdan qısa müddət sonra İngiltərənin Kroydon hava limanı yaxınlığında sıx duman səbəbindən qəzaya uğrayıb. Həmin təyyarədə olan dünyasını dəyişən Lidman 74 yaşında olub.



7 sentyabr 1940-cı ildə Paraqvayın o zamankı prezidenti Xose Feliks Estiqarribia həyat yoldaşı ilə səfərdə olarkən təyyarənin Aqapueydə qəzaya uğraması nəticəsində həlak olub.



Polşanın baş naziri Vladislav Sikorski 3 iyul 1943-cü ildə təyyarə qəzası nəticəsində vəfat edib. 1943-cü ilin iyulunda Sikorskini daşıyan təyyarə Cəbəllütariqdən qalxdıqdan az sonra dənizə düşüb və pilotdan başqa göyərtəsində olan hər kəs həlak olub.



16 iyun 1958-ci ildə Braziliyanın o zamankı prezidentinin müavini Nereu Ramos "Cruzeiro" aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olub.



29 mart 1959-cu ildə Mərkəzi Afrika Respublikasının prezidenti və müstəqillik qəhrəmanı Barthelemey Boqanda təyyarəsi qəzasında dünyasını dəyişib.



1961-ci il sentyabrın 18-də Birləşmiş Millətlər Təşkilatının (BMT) o vaxtkı baş katibi Daq Hammarskjoldun Konqoda sülhün əldə olunmasında vasitəçilik vəzifəsini yerinə yetirən təyyarəsi indiki Zambiyada qəzaya uğrayıb. Qəzada Hammarskjold da daxil olmaqla 16 nəfər ölüb.



14 may 1966-cı ildə İraq prezidenti general Əbdülsalam Arif helikopter qəzasında həlak olub. Arif 1963-cü ilin fevralında dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlmişdi.



Boliviya prezidenti general Rene Barrientos 1969-cu il aprelin 27-də Koçabambada helikopterinin qəzaya uğraması nəticəsində həlak olub.



1971-ci ildə vəzifəyə gələn keçmiş Yuqoslaviyanın baş naziri Dzemal Bjediç və həyat yoldaşını daşıyan təyyarə 1977-ci ilin yanvarında Bosniya və Herseqovinanın Kresevo şəhəri yaxınlığında İnac dağına çırpılıb. Belqraddakı Batajnica aviabazasından havaya qalxan və Sarayevoya doğru gedərkən qəzaya uğrayan Learjet 25 tipli təyyarədə Bjediç və həyat yoldaşı da daxil olmaqla 8 nəfər həyatını itirib.



27 may 1979-cu ildə Afrika zirvəsinə qatılmağa gedən Mavritaniyanın baş naziri podpolkovnik Əhməd Busseyfi daşıyan təyyarə Dakar sahillərində qəzaya uğrayıb. Busseyf qəza nəticəsində dünyasını dəyişib.



4 dekabr 1980-ci ildə Portuqaliyanın baş naziri Françesko Karneyro və müdafiə naziri Amaro de Kosta təyyarəsi havaya qalxdıqdan dərhal sonra paytaxt Lissabonda qəzaya uğraması nəticəsində həlak olublar.



24 may 1981-ci ildə Ekvador prezidenti Xayme Roldos Aqilera və müdafiə naziri general Marko Aurelio olduqları təyyarənin Peru sərhədi yaxınlığında qəzaya uğraması nəticəsində həyatlarını itiriblər.



1 avqust 1981-ci ildə Panama prezidenti Ömer Torrixos özünün idarə etdiyi kiçik təyyarənin meşəyə çırpılması nəticəsində dünyasını dəyişib.



19 oktyabr 1986-cı ildə Mozambik prezidenti Samora Macel və bir neçə Mozambik nazirinin olduğu iki mühərrikli təyyarə Mozambik-Cənubi Afrika sərhədi yaxınlığında qəzaya uğrayıb. Qəzada Macel, bəzi nazirlər və Mozambik hökumətinin yüksək rütbəli məmurları da daxil olmaqla 33 nəfər həlak olub. Qəzadan sonra aparılan araşdırmalarda pilotun günahkar olduğu məlum olub.



1 iyun 1987-ci ildə Livanın keçmiş baş naziri Rəşid Karami Beyruta getməyə hazırlaşdığı vertolyotun partlaması nəticəsində həyatını itirib. Kərəminin minəcəyi oturacağın arxasına qoyulan, təxminən 300 qram ağırlığında uzaqdan idarə olunan bomba təyyarə havaya qalxdıqdan az sonra partladılıb. Qəzada yalnız keçmiş baş nazir Kərəmi ölüb.



1988-ci il avqustun 17-də Pakistanın o zamankı prezidenti, general Zia'ul Haq, onun beş generalı və ABŞ səfiri Arnold Lewis Rapheli daşıyan C-130 tipli hərbi təyyarə paytaxt İslamabaddan təxminən 530 kilometr cənubda, Bəhavalpur yaxınlığında qəzaya uğrayıb. Sağ qalanların olmadığı qəzada müstəntiqlər diqqəti təxribat ehtimalına yönəldiblər.



6 aprel 1994-cü ildə Kiqali hava limanı yaxınlığında Burundi prezidenti Kipr Ntaryamira və Ruanda prezidenti Juvenal Habirimananın olduğu təyyarə atəşə tutulub. Prezident sarayının yerləşdiyi ərazidə qəzaya uğrayan təyyarədən sağ qalan olmayıb.



26 fevral 2004-cü ildə Boris Traykovski və onu müşayiət edən nümayəndə heyətini aparan təyyarə Bosniya və Herseqovinanın Mostar şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində Traykovski və onun müşavirləri də daxil olmaqla 8 nəfər həlak olub. Təyyarə qəzasını araşdırmaq üçün yaradılmış beynəlxalq komissiya iki illik araşdırmadan sonra ictimaiyyətlə paylaşdığı hesabatda təyyarə qəzasının "pilot səhvi" nəticəsində baş verdiyini açıqlayıb.



10 aprel 2010-cu ildə o vaxtkı prezident Lex Kaçinski və həyat yoldaşı da daxil olmaqla 96 nəfəri daşıyan "Tupolev 154" tipli təyyarə Stalin dövründə təxminən 22 min polyakın edam edildiyi Katın qırğınının anım mərasimində iştirak etmək üçün Rusiyanın Smolensk hava limanına gəlib. Eniş edərkən meşə sahəsinə düşən təyyarədə sağ qalan olmayıb.



5 fevral 2024-cü ildə Çilinin keçmiş prezidenti Sebastian Pinera və onu müşayiət edənləri daşıyan "Robinson R 66" adlı helikopter havaya qalxdıqdan qısa müddət sonra vertolyot güclü yağış və sıx duman səbəbindən Los Rios bölgəsindəki Ranko gölünə düşüb. Keçmiş prezident Pinera təhlükəsizlik kəmərini aça bilmədiyi üçün dünyasını dəyişib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu