Makron zorakılığa səhnə olan Yeni Kaledoniyaya səfər edəcək


Fransa prezidenti Emmanuel Makronun bu ölkənin Hind-Sakit Okeandakı müstəmləkəsi olan və zorakılıq hadisələrinin baş verdiyi Yeni Kaledoniyaya gedəcəyi bildirilib.


Hökumət sözçüsü Prisca Tevenot Yelisey Sarayında keçirilən Nazirlər Şurasından sonra verdiyi açıqlamada Makronun dialoq və danışıqlar prosesini həyata keçirəcək bir missiya qurmaq üçün bu axşam Yeni Kaledoniyaya gedəcəyini açıqlayıb.

Hökumətin vəziyyətə nəzarət etmək üçün Yeni Kaledoniyada çalışdığını və normala dönmək üçün görüləcək çox iş olduğunu deyən Tevenot, baş nazir Qabriel Attalın da önümüzdəki həftələrdə adaya gedəcəyini qeyd edib.

Dəyişməz Fransa Partiyasından (LFI) parlament üzvü Tomas Portes öz X hesabında yazdığı yazıda Makronun Yeni Kaledoniyaya getmək qərarını “məsuliyyətsizlik” kimi qiymətləndirib və “bu monarxiya hərəkətinin qəzəbi daha da artıracağını” bildirib.

Yeni Kaledoniya Ali Komissiyası, son 24 saatda baş verənlərlə bağlı açıqlamasında, davam edən zorakılıqlarda daha 22 adamın nəzarətə alındığını bildirdi.

Ali Komissiya, şiddət hadisələri səbəbiylə Yeni Kaledoniyada qapalı qalan 100-ə yaxın turistin Fransa, Yeni Zelandiya və Avstraliya səlahiyyətliləri arasında əməkdaşlıq sayəsində çarter reysləri ilə bölgələrinə qayıtdığını və təxminən 500 insanın da öz ölkəsinə qayıdacağını açıqlayıb.

Noumea Respublika Prokuroru Yves Dupas, Yeni Kaledoniyada baş verən zorakılıqlar zamanı 3 mülki vətəndaşın ölümündən sonra 4 nəfərin qətldə ittiham edildiyini, zorakılıqlar başlayandan bəri isə ümumilikdə 6 nəfərin öldürüldüyünü açıqlayıb.

Milli mətbuatda yer alan xəbərlərə görə, mayın 20-də Emmanuel Makronun sədrliyi ilə Yelisey sarayında keçirilən Milli Təhlükəsizlik və Müdafiə Şurasında Yeni Kaledoniyadakı vəziyyətlə bağlı “əlavə resurslardan” istifadə edilməsinə qərar verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu