Şəhid baş leytenant Əli Əliyev son mənzilə yola salındı - VİDEO


Şəhidlik məqamına ucalan Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əli Əliyev doğulduğu Şərur rayonunun Yengicə kəndində son mənzilə yola salınıb.


Şəhidimizin nəşi Naxçıvan Beynəlxalq Hava Limanından doğulduğu Şərur rayonunun Yengicə kəndinə gətirilib.

Şəhid baş leytenant Əli Əliyevin cənazəsi Şərur rayonunda izdihamla qarşılanıb, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı ilə Şərur Şəhidlər xiyabanında son mənzilə yola salınıb.

Dəfn mərasimində Əlahiddə Ümumqoşun Ordunun, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin, Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimində cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub.

Çıxış edənlər qeyd ediblər ki, Vətəninin qəhrəman övladı, şəhid baş leytenant Əli Əliyev 44 günlük Vətən müharibəsində qəhrəmanlıq və şücaətlər göstərib, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. Həmçinin Azərbaycan ordusunun keçirdiyi “Qisas” və digər döyüş əməliyyatlarında fəal iştirak edib, odlu-alovlu döyüş meydanında mətanətlə vuruşub. Fərrux kəndinin işğaldan azad olunmasında da qəhrəman şəhidimizin xidmətləri olub. Baş leytenant Əli Əliyev sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatının qarşısını alarkən şəhid olub.

Çıxış edənlər şəhidimizin ailəsinə başsağlığı veriblər.

Sonra üç rəngli Azərbaycan bayrağı şəhidimizin atasına təqdim edilib və yaylım atəşi açılıb.

Bu gün Vətən torpağı daha bir igid oğlunu bağrına basdı. Torpaqlarımızın bütövlüyü, sərhədlərimizin toxunulmazlığı uğrunda şücaət göstərmiş baş leytenant Əli Əliyev qəhrəmanlıqları ilə doğma elinin adını ucaldıb tarixdə əbədi qalan oğullardan oldu. Ruhun şad olsun! Vətən səninlə fəxr edir!!!

Nuhcıxan.az




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu