"Politico": Aİ Gürcüstanı vizasız rejimdən məhrum edə bilər
Avropa İttifaqı Gürcüstan vətəndaşları üçün vizasız rejimi dayandıra bilər. Bu, Gürcüstan hakimiyyətinin antidemokratik hərəkətlərinə və onun anti-Qərb ritorikasına cavab olacaq.
AFN.az xəbər verir ki, bu haqda "Politico" məlumat yayıb.
Nəşrin xəbərinə görə, gürcülərin vizadan mümkün məhrum edilməsi barədə məlumatı Aİ-nin icra orqanının nümayəndəsi təsdiqləyib. Onun sözlərinə görə, “Gürcü arzusu” partiyası avtoritar kursunu davam etdirərsə, vizanın liberallaşdırılması sxeminin potensial müvəqqəti dayandırılması da daxil olmaqla bütün cavab variantları mümkündür.
“Aİ-Gürcüstan arasında viza rejiminin liberallaşdırılması dialoqunun və müvafiq Fəaliyyət Planının bir hissəsi olaraq Gürcüstandan konkret hədəflərə nail olmaq, xüsusən də fundamental hüquqların müdafiəsini təmin etmək və ayrı-seçkiliyin qarşısını almaq tələb olunurdu” - deyə nəşrin mənbəsi əlavə edib.
"Politico"nun məlumatına görə, Şengen zonasının daxili təhlükəsizliyinə təhlükə yaradan hadisələrin inkişafı halında müvafiq yenidən qiymətləndirmə aparılacaq.
Xatırladaq ki, 2017-ci ildən Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan Aİ ölkələrinə ildə altı aya qədər vizasız səfər edə bilərlər.