Azay Quliyev QHT Şurasını Əli Həsənovun mülkündən çıxarır - TENDER
QHT Şurası ofisini dəyişmək qərarına gəlib.
AFN xəbər verir ki, bunu Şuranın 2021-ci ilə dair satınalma planından, həmçinin qurumun saytında fevralın 23-də yerləşdirilən elandan görmək olur. Elanda qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə ofis sahəsinin icarəsi xidmətinin təkliflər sorğusu ilə satın alınması həyata keçirilir. Təkliflər sorğusunda iştirak etmək istəyən malgöndərənlər (podratçılar) təklifləri, müvafiq sənədləri və məlumatları 01 mart 2021-ci il saat 17:00-a qədər shmaharramov@cssn.gov.az e-poçtuna göndərə və ya Bakı şəhəri, F.Əmirov küçəsi 1 ünvanında yerləşən Şura Katibliyinin ofisinə təqdim edə bilərlər.
Elana əlavə olunmuş ofisə dair tələblərdən aydın olur ki, Bakı şəhəri üzrə əsasən mərkəzi ərazidə yerləşən, o cümlədən yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına cavab verən ofis axtarılır. Bundan əlavə, aşağıdakı tələblər də qoyulub: 700-800 kv.m yüksək keyfiyyətli və müasir interyerə malik olan ofis sahəsi; azı 20 otaqdan ibarət olmaq şərti ilə, pəncərə ilə təchiz edilmiş ayrı-ayrı otaqlar; 40-50 nəfərlik 1 konfrans zalı; 2 mətbəx; ofis sahəsi hündür mərtəbəli binada olduqda sərnişin və yük daşıma liftləri; 24 saat video müşahidə; 20-50 kv/m sahəsi olan anbar üçün əlavə sahə.
Beləliklə, aydın olur ki, Azay Quliyev Şuranı prezidentin sabiq köməkçisi Əli Həsənovun mülkündən çıxarır. Məlumat üçün bildirək ki, qurumun hazırda yerləşdiyi Bakı şəhəri, F.Əmirov küçəsi 1. ünvanında yerləşən ofis Ə.Həsənovundur. Əvvəllər Beynəlxalq Mətbuat Mərkəzi və Həsənova məxsus olan KİV-lər həmin ünvanda fəaliyyət göstəriblər. Şuranın və Katibliyin hesabatlarında heç vaxt ofis icarəsinə sərf olunan vəsaitin məbləği açıqlanmayıb. Amma indi ofis üçün elanda qoyulan tələblərdən aydın olur ki, bu vəsait heç də az olmayıb. Bir də ki, Şuranın verdiyi pul yetərincə, bəlkə də aşırı qaneedici olmasaydı, Ə.Həsənov yəqin ki, onu çəkib öz mülkünə gətirməzdi.
Xatırladaq ki, bu günlərdə Şuranın maliyyə fəaliyyətinin Hesablama Palatası tərəfindən yoxlanması və ciddi nöqsanların aşkarlanmasına dair məlumat yayılıb. Yoxlanma faktını Hesablama Palatası təsdiqləyib, lakin qurumdan prosesin hələ yekunlaşmadığını və nəticələrin ictimaiyyətə açıqlanacağını bildiriblər. Ofisin dəyişməsinin bu yoxlama ilə əlaqəsi varmı? Bunu yəqin ki, Hesablama Palatası nəticələri açıqladıqdan sonra biləcəyik.
Redaksiyamıza daxil olan məlumata görə, yaxın aylarda QHT-lərə Dövlət Dəstəyi Şurası ləğv olunaraq, bazasında vətəndaş cəmiyyəti ilə işləyəcək publik hüquqi şəxs yaradılacaq. Ehtimal ki, Şurada aparılan yoxlamaların bir səbəbi də məhz bu transformasiyaya hazırlıqdır.