“Bayden Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir” - səfir


“Azərbaycan və Ermənistanın Vətən müharibəsindən sonra razılıq əldə etməsindən aylar keçməsinə baxmayaraq, Ermənistan tərəfi azad olunmuş ərazilərimizdə yerləşdirdiyi minaların xəritəsini təqdim etməkdən boyun qaçırmaqla baş verən ölüm hallarında günahsız vətəndaşları ittiham etməyə davam edir”.


“Qafqazinfo”nun məlumatına görə, bunu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ-ın “Defense One” mətbu orqanında Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsindən bəhs edən məqaləsində qeyd edib.

Məqalədə bildirilir ki, 2020-ci ilin noyabr ayından etibarən 20 Azərbaycan mülki və xidmət əməkdaşı Dağlıq Qarabağda baş verən mina partlayışı nəticəsində həlak olub, 85 nəfər isə yaralanıb.

Səfir həyatını itirənlərin əksəriyyətinin öz doğma torpaqlarına geri dönmək üçün səbirsizlənən məcburi köçkünlərin olduğunu bildirir. O, qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünləri səbrli olmağa, yalnız işğal olunan ərazilərimiz minalardan tam təmizləndikdən sonra oraya qayıtmağa səsləməsinə baxmayaraq, bəzi insanlar üçün gözləmək çətin olub. Onlardan Hacıyevlər ailəsi öz avtomobillərində erməni tərəfinin yerləşdirdiyi tank əleyhinə minaya düşərək həlak olublar.

E.Süleymanov Ermənistan tərəfinin böhranı diplomatik yolla həll etməkdən boyun qaçırmasına diqqət çəkir.

“Ölkə Prezidentinin qeyd etdiyi kimi, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələrək sözügedən xəritələri Azərbaycan tərəfinə təqdim etməlidir. Azərbaycan, həmçinin BMT və ATƏT kimi təşkilatlarda da öz etiraz səsini ucaldıb. 24 fevral tarixində BMT Baş Katibinə ünvanlanmış məktubunda xarici işlər naziri Ceyhun Bayramov Ermənistan tərəfinin müvafiq addım atmamasının bu ölkənin Azərbaycanla münasibətləri normallaşdırmaq istəyini sual altına qoyduğunu qeyd edib. Nazir minalar nəticəsində insan həyatının məhv olmasını müharibə cinayəti adlandırır”.

Səfir ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən də səmərəli minadan təmizləmənin həyata keçirilməsi üçün məlumat mübadiləsinin aparılmasının irəli sürüldüyünü qeyd edir.

E.Süleymanov bildirir ki, beynəlxalq ictimaiyyətin susqunluğu Ermənistanı insanlara və tank əleyhinə minaların xəritələrini gizli saxlamağa şərait yaradıb. Bu xüsusda ABŞ Prezidenti Co Bayden və onun administrasiyası Ermənistanın siyasi və hərbi rəhbərliyini işğaldan azad edilmiş ərazilərdəki minaların xəritələrini təqdim etməyə vadar etməlidir.

Belə ki, mülki şəxslərin həyatına olan təhlükə iqtisadi inkişaf, davamlı sülh və qaçqınların geri dönməsinə əngəl törədir.

Məqalənin original versiyası ilə https://www.defenseone.com/ideas/2021/04/biden-must-press-armenia-hand-over-minefield-maps/173573/ internet səhifəsindən tanış olmaq mümkündür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu