"Nar" qazi müəllimlər haqqında kitabın çapına dəstək olur
“Nar” 44 günlük Vətən müharibəsində iştirak etmiş müəllimlərin qəhrəmanlıqlarından bəhs edən kitabın çapına dəstək olacaq.
Kitabda Vətən müharibəsindən sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə “Qafqazinfo” xəbər portalının “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində hazırladığı 38 reportajı toplanacaq. Qeyd edək ki, bu yazılar cəmiyyətdə böyük marağa səbəb olmaqla yanaşı, şagirdlərin hərbi vətənpərvərlik ruhunda yetişməsinə töhfə verib.
Kitab ilkin olaraq 2000 tirajla, təxminən 150 səhifə olmaqla, 4 rəngdə nəfis şəkildə nəşr olunacaq. Kitabın ödənişsiz olaraq həm Bakı şəhəri üzrə məktəblərə, həm də ölkənin digər məktəblərinə paylanılması nəzərdə tutulur. Türkiyədə yüksək keyfiyyətlə dərc olunacaq kitabın təqdimatının Zəfər Günü ərəfəsində keçirilməsi planlaşdırılır. Qeyd edək ki, layihənin məqsədi qazi müəllimlərimiz haqqında məlumatın geniş yayılması və onların şücaətinin gələcək nəsillərin tərbiyəsinə töhfə verməsidir.