İttihamı uğursuz və əlaqəsiz hesab edirik - Əvəz Zeynallının vəkilindən açıqlama


Baş Prokurorluq açıqlama verib və jurnalist Əvəz Zeynallını Xural Yayınları MMC-nin direktoru kimi təqdim edərək onun timsalında vəzifəli şəxs imici yaratmağa cəhd edib. Bu non-sensdir.


AFN.az xəbər verir ki, bunu Əvəz Zeynallının vəkili Aqil Layıc bildirib. O, sözlərini belə əsaslandırıb: "Xural Yayınları MMC Əvəz Zeynallının təsis etdiyi müstəqil şirkət olaraq buklet və kitapçaların nəşri, lüğətlərin və ensiklopediyaların hazırlanması xidmətini göstərib və cəmiyyətin qeydiyyatının əsasları da bu olub. Bu şirkətin Əvəz Zeynallının jurnalistlik fəaliyyəti ilə heç bir əlaqəsi yoxdu, fəaliyyət sferası başqadır.
Müdafiə tərəfi olaraq hesab edirik ki, AR CM 311-ci maddəsində qeyd olunan vəzifəli şəxs anlayışı hazırki ittihamda qəti şəkildə oturmuş məfhum hesab edilə bilməz. Şəxs rüşvət alarkən ya vəzifəli şəxs olmalı, və ya da rüşvət aldığı iddia edilən şəxslər barəsində hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab edilə bilər.
Nəticə, de jure olaraq Əvəz Zeynallının jurnalistika fəaliyyəti MMC ilə bağlı deyildir, vəzifəli şəxs hesab edilə bilməz. De fakto, rüşvət aldığı iddia edilən şəxslər barəsində hər hansı bir hüququn əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam verilməsi yönündə Əvəz Zeynallının hər hansı bir səlahiyyəti olmamışdır, olması da mümkün deyildir.
Müdafiə tərəfi olaraq verilmiş ittihamı uğursuz və əlaqəsiz hesab edirik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu