Həyat yoldaşı Vəli Ələsgərovla bağlı Prezidentə MÜRACİƏT ETDİ
Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun Naxçıvandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı icra edilmədiyinə görə həyat yoldaşı Güllü Ələsgərova "Unikal" vasitəsilə ölkə Prezidenti cənab İlham Əliyevə müraciət edib.
Həmin mürciəti təqdim edirik:
"Möhtərəm cənab Prezident!
Mənim həyat yoldaşım Vəli Ələsgərov uzun müddət təhlükəsizlik orqanlarında fəaliyyət göstərib. 2002-2016-cı illərdə Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. 7 mart 2016-cı il tarixdən Naxçıvan MR Hərbi Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını Naxçıvanda yerləşən müəssisədə çəkirdi. Nazir işlədiyi dövrdə yəqin ki, onun müəyyən səhvləri olmuşdu. Eyni zamanda, onun dövlətçilik yolunda xidmətləri də az olmamışdı. Lakin buna baxmayaraq ona həddindən artıq ağır cəza verilmişdi. Onun cəzasının ağırlığı ilə bağlı bizim bir neçə müraciətimiz olmuşdu. Nəhayət, 27 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsində şikayətimizə baxıldı ve 6 il 6 aydan artıq cəza çəkməsi nəzərə alınaraq Vəli Ələsgərov azadlığa buraxılması barədə qərar verildi.
Vəli Ələsgərovun azadlığa buraxılması qərarı ailəmizə böyük sevinc bəxş etdi. Qanuna görə, Ali Məhkəmənin qərarı dərhal icra olunmalı, Vəli Ələsgərov 27 sentyabr 2022-ci il tarixdə günün ikinci yarısında Naxçıvandakı cəzaçəkmə müəssisəsindən azad edilməli idi. Həmin tarixdə onun vəkili Ali Məhkəmənin qərarı ilə Naxçıvana gedərək onun azad edilməsini tələb edib. Lakin bir sutkadan artıq vaxt keçsə də, məhkəmə qərarı bizə məlum olmayan səbəbdən icra olunmayıb. Vəkil hələ də, cəzaçəkmə müəssisənin qarşısında qərarın icrasını gözləyir. Deyirlər ki, onun buraxılmaması barədə Vasif Talıbov göstəriş verib.
Cənab Prezident!
Həyat yoldaşım Vəli Ələsgərov barədə Ali Məhkəmənin qərarının icra olunmasına, ailəsinə qovuşmaq üçün onun Naxçıvandan Bakı şəhərinə gəlməsinə yardımçı olmağınızı Sizdən artıq dərəcədə xahiş edirəm. Uşaqları onun yolunu səbirsizliklə gözləyir. Əmin ola bilərsiniz ki, Vəli Ələsgərov azadlığa çıxdıqdan sonra layiqli vətəndaş olaraq öz imkanları daxilində dövlətçiliyimizə xidmət edəcəkdir.
Allah Sizi və ailənizi qorusun".