Nərimanov rayonunun icra başçısı şəhidlərə fərq qoydu - FOTOLAR

Nərimanov rayonunun icra başçısı Elgin Həbibullayev bu gün Suraxanı rayonundakı Dədə Qorqud məzarlığında dəfn olunan şəhidləri ziyarət edib. Amma icra başçısı nədənsə burdakı şəhidlərə fərq qoyub. O, yalnız məzarlıqda uyuyan Nərimanov rayonundan olan 3 şəhidimizin məzarını ziyarət edərək, bu məzarlara gül qoyub.
TNS xəbər verir ki, bu barədə tanınmış jurnalist Elmar Hüseynov “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, bunu görən məzarlıqdakı digər şəhid anaları icra başçısına şəhidlərə fərq qoyduğuna görə etiraz ediblər.
“Şəhid anaları bildiriblər ki, Suraxanı və Xətai rayonlarının icra başçıları məzarlıqdakı şəhidlərə heç bir fərq qoymur, hər dəfə məzarlığa gələn zaman burada uyuyan 21 şəhidin hər birinin məzarını ziyarət edir, gül dəstələri qoyurlar. İcra başçısı səhvini anlayaraq analardan üzr istəyib. Lakin Elgin Həbibullayevlə məzarlığa gələn ətrafındakılar şəhid analarını təhqir ediblər. Deyiblər ki, burdakı şəhid anaları həmişə şou yaradır, heç nədən ortalığa problemlər çıxarırlar. Şəhid anaları icra başçısının ətrafındakıların onlara qarşı etdikləri tərbiyəsizliyə görə üzr istəmədikləri halda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət edəcəklərini bildiriblər”, - Elmar Hüseynov qeyd edib.