Bakının fasiləsiz içməli su ilə tam təminatı nə vaxt mümkün olacaq?


Bakının əksər hissəsində əhaliyə içməli su fasiləsiz rejimlə verilir. Bununla belə paytaxtda içməli suyu qrafiklə, yəni günün müəyyən saatlarında alan ərazilər də az deyil. Əsasən də Bakıətrafı ərazilərdə yaşayanlar hələ də, fasiləsiz içməli su ala bilməməkdən şikayətlənirlər.



“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı “Report”un sorğusuna cavab olaraq bu ərazilərin fasiləsiz içməli su ilə təmin edilməməsinin səbəblərinə aydınlıq gətirib:

“Hətta Maliyyə Nazirliyinin binasının yaxınlığında elə binalar var ki, səhər və axşam qrafiklə su alırlar. Eyni zamanda 24 saat su ilə təmin edilən bağlar massivi də var. Eləcə də Pirallahı qəsəbəsi 24 saat su ilə təmin edilir. Yəni ki, hansısa ərazinin fasiləsiz su ilə təmin edilib-edilməməsi bu ərazinin şəhər mərkəzinə yaxın və ya uzaq olması ilə əlaqəli deyil. Bu məsələ iki amildən asılıdır: texniki imkanlar və su həcmi. Elə ərazilər var ki, orda su xətləri və digər texniki imkanlarımız normal vəziyyətdədir və həmin ərazini 24 saat su ilə təmin etmək olar. Amma həmin ərazidə su həcmimiz azdır. Elə yer də var ki, orda su həcmimiz kifayət qədər olsa da, texniki imkanlarımız yoxdur. Məsələn, Masazır qəsəbəsi. Bakıya gələn bütün su xətləri Masazırdan keçir. Amma bu qəsəbənin bəzi yerləri bir gündən bir, bəzi əraziləri isə qrafiklə səhər və axşam su alır. Bu da sırf texniki imkalarla bağlıdır. Yəni ordakı boru xətlərinin diametri, vətəndaşlar tərəfindən çəkilmiş primitiv fərdi şəbəkələr ərazini 24 saat su ilə təmin etməyə imkan vermir. Su həcmi baxımından problem yaşadığımız ərazilər əsasən paytaxtın şərq çıxış hissəsindədir".

A.Cəbrayıllı qeyd edib ki, təmsil etdiyi qurum hazırda Bakı və Bakıətrafı ərazilərdə əhalinin 24 saat içməli su ilə təminatı istiqamətində işləri davam etdirir:

“Bu yaxınlarda Sumqayıtda 8-ci mikrorayonda təxminən 45 çoxmənzilli yaşayış binasını 24 saatlıq rejimə keçirdik. Yeni Yasamalda bu istiqamətdə işlərimiz davam edir. Yeni Günəşli qəsəbəsinin bir hissəsi 24 saat, bir hissəsi səhər və axşam qrafiki ilə su alır. 2013-cü ildə Yeni Günəşlidə pilot layihə icra edib 28 çoxmənzilli yaşayış binasının məhəllədaxili və binadaxili xətlərini tam yenilədik, hər mənzilə sayğac quraşdırdıq, həmin mənzilləri su ilə təmin edən məhəllədaxili su nasos stansiyasını və anbarı yenidən qurduq. Nəticədə həmin binalara 24 saat su verə bildik. Amma bu gün Bakının mərkəzində 24 saat su almayan yerlər var. Həmin ərazilərdə fasiləsiz suyun verilməsi üçün mütləq hidrofor sistemi, yəni qapalı sistem qurulmalıdır ki, insanlar orda yeni şəbəkə ilə 24 saat su ala bilsin. Bəzi ərazilərdə şəbəkələr 40-50 və ya 60 ildən çoxdur ki, istismar olunur. Bu ərazilərdə 24 saatlıq su rejiminin olması çox çətin məsələdir”.

A.Cəbrayıllı əlavə edib ki, Bakının şərq hissəsində əhalinin dayanıqlı, fasiləsiz su almasını, eyni zamanda Türkan, Zirə, Binə qəsəbəsində su verilməyən ərazilərin su ilə təmin olunması üçün Ceyranbatandan Qala istiqamətində üçüncü magistral su kəməri və anbar layihəsinin icrasına başlanılıb: "Hazırda Balaxanıda 10 min kubmetrlik anbarın tikintisi davam etdirilir. Növbəti mərhələdə Ceyranbatandan Qala istiqamətində yeni magistral su kəməri çəkiləcək. Qarşıdakı iki ildə bu işlərin yekunlaşdırılması nəzərdə tutulub. Həmin magistral su kəməri həm sadaladığım ərazilərdə əlavə su ehtiyatlarımızın olmasına, həm də əhalinin fasiləsiz dayanıqlı su təminatına imkan verəcək. Digər tərəfdən, bəzi ərazilərdə şəbəkə yaradıldıqdan sonra bu şəbəkələrə suyun verilməsi mümkün olacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu