Rusiyada biznesmenlərdən büdcəyə birdəfəlik ödəmələr istənilir - ciddi kəsir var
Rusiya maliyyə naziri Anton Siluanov sahibkarları büdcəyə birdəfəlik töhfələr üçün pullarını əsirgəməməyə çağırıb.
O, bildirib ki, Maliyyə Nazirliyi büdcəyə birdəfəlik töhfə verilməsi təşəbbüsünün Dövlət Dumasının yaz sessiyasında qanuniləşdiriləcəyini gözləyir. Nazirlik özü bu mexanizmlə bağlı təkliflərini yaxın günlərdə yekunlaşdıracaq.
"Bu vəsaitlər sonda onlara qaytarılacaq" - AFN.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Siluanov belə deyib. Maliyyə nazirinin qənaətincə büdcəyə daxil olacaq pullar infrastrukturun tikintisinə, yeni yollara, daha yaxşı təhsilə, səhiyyəyə, dövlət işçilərinin maaşlarına gedəcək. Nəticədə ruslar mağazalarda alış-verişdə daha fəal olacaq, ölkədə bizneslərini genişləndirmək üçün daha çox imkanlar yaranacaq və dövlətə verilən pullar “əslində sahibkarlara qayıdacaq”.
Maliyyə naziri biznesi “bu qərarı məmnuniyyətlə qəbul etməyə və irəli getməyə” çağırıb. O, həmçinin vurğulayıb ki, mexanizm bu il sahibkarları ödənişlərə həvəsləndirəcək şəkildə yaradılacaq.
Hakimiyyət büdcənin artan kəsiri fonunda büdcəyə ödənişlərin mümkünlüyü barədə müzakirələrə başlayıb. Bundan əvvəl Siluanov bildirib ki, 2022-ci ilin büdcəsi 3,3 trilyon rubl və ya ÜDM-in 2,3 faizi qədər kəsirlə icra olunub.