Rusiya müdafiə xərclərini artırmağı planlaşdırır
Rusiya Maliyyə Nazirliyi 2024-cü ilin büdcəsində müdafiə xərclərini bu illə müqayisədə 68 faiz artırmağı planlaşdırır.
Kremlin sözçüsü Dmitri Peskov müharibənin “yüksək xərclər” tələb etdiyini açıqlayıb.
Rusiya mətbuatında dərc olunan xəbərlərdə Rusiya Maliyyə Nazirliyinin hazırladığı büdcə layihəsində 2024-cü ildə müdafiə xərclərini bu illə müqayisədə 68 faiz artıraraq 10,8 trilyon rubla (təxminən 111 milyard dollar) çatdırmağı planlaşdırdığı qeyd edilib.
Mövzu ilə bağlı jurnalistlərə açıqlama verən Peskov, belə bir artımın tamamilə zəruri olduğunu deyib. “Biz xüsusi hərbi əməliyyat aparırıq, çünki bizə qarşı başlanmış hibrid müharibə vəziyyətində yaşayırıq və bu, yüksək xərc tələb edir” - deyə Peskov bildirib.
Rusiyanın maliyyə naziri Anton Siluanov paytaxt Moskvada keçirilən tədbirdə büdcəni hazırlayarkən cəbhədəki vəziyyəti nəzərə aldıqlarını vurğulayıb. "Büdcəmizin strukturu göstərir ki, əsas vurğu qələbəmizi təmin etməkdir. Bu, büdcəyə kiçik təzyiq deyil, lakin bizim mütləq prioritetimizdir" - deyə o bildirib.
Rusiya Maliyyə Nazirliyinin açıqladığı məlumatlara görə, bu ilin ilk 8 ayında ölkə büdcəsində 2,3 trilyon rubl (təxminən 23,5 milyard dollar) kəsir yaranıb.