"Twitter"də Rusiya, İran, Çin təhlükəsi

Yüzlərlə Rusiya və Çin dövlət təbliğat hesabı Twitter-də sürətlə inkişaf edir.
Bu barədə "BBC News" yazır. Bildirilir ki, Rusiya və Çin təbliğat maşınlarının sürətli inkişafına səbəb İlon Maskın onlarla aktiv mübarizə aparan komandanı işdən çıxarmasıdır. "Bölmə "informasiya əməliyyatları" ilə mübarizə sahəsində məşğul olurdu, Rusiya, Çin və İran kimi ölkələrin ictimai rəyə təsir edə biləcək və demokratiyanı sarsıda biləcək kampaniyalarını əlaqələndirirdi" - deyə "BBC News" bildirib.
Qeyd edilir ki, İlon Mask sosial şəbəkəni satın aldıqdan sonra bu mütəxəssislərin əksəriyyəti ya işdən çıxdı, ya da işdən çıxarıldı. Bu, platformanı xarici manipulyasiyalara qarşı həssas etdi. Bu baxımdan, hazırda Twitter-də Putinin Ukraynadakı müharibəsini dəstəkləyən, Kiyevi və Qərbi ələ salan, müstəqil rusdilli nəşrlərə hücum edən yeni rus trolları qrupu fəallaşıb: "Bir çox belə hesablar dayandırılıb, lakin onlarla hesab hələ də aktivdir".
Mütəxəssislər hesab edirlər ki, bu şəbəkə "Vaqner"in təsisçisi Yevgeni Priqojinin "trol fabriki"ndəndir.
"Koordinasiyalı kampaniyalarla mübarizə aparan komanda olmadan Twitter yavaş-yavaş daha təhlükəli olacaq" - deyə materialda qeyd edilir.