"Nimbus Layihəsi"nə etiraz edən Google-un 9 əməkdaşı saxlanılıb
Google-un Nyu York və Kaliforniyadakı ofislərində şirkətlə İsrail arasında imzalanan qabaqcıl süni intellekt texnologiyalarının İsrailə çatdırılmasını əhatə edən "Nimbus Layihəsi" razılaşmasına etiraz edən işçilərindən 9-u saxlanılıb.
“The Washington Post”un yazdığına görə, Google işçiləri şirkətin qabaqcıl süni intellekt texnologiyalarının İsrailə çatdırılmasını ehtiva edən “Project Nimbus” müqaviləsinə etiraz etmək üçün Nyu York və Kaliforniyanın Sunniveyl şəhərlərindəki ofislərə gediblər.
İşçilər saatlarla ofisdə oturaq etiraz aksiyası keçirərək, “Google, gizlədə bilməzsən”, “Səni soyqırımda ittiham edirik”, “Sən soyqırımı maliyyələşdirirsən” kimi şüarlar səsləndirib və Google 1,2 milyard dollar dəyərində müqavilədən geri çəkilməyincə etirazlarını davam etdirəcəklərini bildiriblər.
Xəbərdarlıq edərək idarələrə gələn polis onlara ofisdən çıxmasalar, saxlanılacaqlar deyib. Etirazlarını davam etdirən 9 əməkdaş saxlanılıb.
Google sözçüsü Bailey Tomson, bu hərəkətin "siyasətlərin pozulması" olduğunu müdafiə edərək, saxlanılan işçilərin Google sistemlərinə girişinin kəsildiyini və bu şəxslərə inzibati məzuniyyət verildiyini bildirib.
Ofisdə oturaq etiraz aksiyası ilə yanaşı, razılaşmaya Nyu-York və Sanniveyl və Kaliforniya ştatının Seattle şəhərlərindəki ofislər qarşısında etiraz edilib.
Bu etirazlarda Amazon işçilərinin də iştirak etdiyi bildirilir.
"Nimbus Layihəsi" məlumatların saxlanmasına, toplanmasına, təhlilinə, məlumat vasitəsilə motiv və xüsusiyyətlərin identifikasiyasına və bu toplanmış məlumatla mümkün məlumatların və motivlərin proqnozlaşdırılmasına imkan verən bulud və maşın öyrənmə sistemindən ibarətdir.
"Nimbus Layihəsi" adlanan 1,2 milyard dollarlıq layihə üçün müqavilə 2021-ci ilin aprelində İsrail ilə Google və Amazon şirkətləri arasında imzalanıb.
İsrail Maliyyə Nazirliyi 21 aprel 2021-ci il tarixli bu razılaşma ilə bağlı verdiyi açıqlamada, Google və Amazon-un İsrailə təxminən 1,2 milyard dollar sərmayə ilə öz yerli bulud saxlama server mərkəzlərini yaratmağa imkan verəcək böyük dövlət tenderi olan "Nimbus Layihəsi"ni qazandıqlarını açıqlayıb.
Sözügedən sistem bütün informasiya bazalarından, İsrail və ordusunun təmin etdiyi resurslardan, hətta küçə və dron kameraları kimi canlı müşahidə mənbələrindən bütün məlumatları toplamaq qabiliyyətinə malikdir.
YouTube-da çalışan proqram mühəndisi Zelda Montes, Google-un sözügedən layihə ilə bağlı işçiləri ilə məsləhətləşmədiyini ifadə edərək, "Bir çox işçi bu müqavilədə olduqlarını belə bilmir. Google-da təxminən 180 min işçi var, lakin bu insanların çox kiçik bir hissəsinin İsrail hökuməti ilə belə bir müqavilə olduğunu bilir" ifadələrini işlədib.
Layihənin məxfiliyi səbəbiylə məlumatlarının məhdud olduğuna diqqət çəkən Montes, "Bizim əməyimizin bilmədiyimiz şəkildə istifadə edilməməsi lazım olduğunu düşünürük" deyib.