BMT-də eskalator böhranı

BMT Baş katibinin sözçüsü Stefan Dujarrik açıqlayıb ki, ABŞ Prezidenti Donald Trampın BMT binasına girişi zamanı eskalatorların qəfil dayanmasına ABŞ nümayəndə heyətindən olan bir operatorun səbəb ola biləcəyi ehtimal edilir.
Stefan Dujarrik Tramp və həyat yoldaşı Melaniya Trampın binaya daxil olduğu anlarda BMT işçilərinin qəsdən eskalatoru dayandırdığı iddialarına cavab olaraq yazılı açıqlama yayıb.
Dujarrik bildirib ki, Tramp səhər saatlarında həyat yoldaşı və heyəti ilə BMT-nin Baş qərargahına gəlib və binaya daxil olduqları anda ABŞ nümayəndə heyətindən bir operator görüntü çəkmək üçün eskalatorda arxaya doğru hərəkət edib.
“Qurğunun mərkəzi idarəetmə blokundan götürülən qeydlər də daxil olmaqla aparılan araşdırma göstərib ki, eskalatorun yuxarı hissəsində yerləşən daraq pilləsindəki təhlükəsizlik mexanizmi işə düşdüyünə görə cihaz dayanıb”, – deyə Dujarrik qeyd edib. O, operatorun bu funksiyanı bilmədən işə sala biləcəyini vurğulayıb.
Ağ Evin sözçüsü Karolin Livitt hadisədən sonra X sosial media platformasında paylaşım edərək bildirib ki, əgər BMT-də kimsə prezident və birinci xanım eskalatora minərkən onu qəsdən dayandırıbsa, həmin şəxs dərhal işdən çıxarılmalı və araşdırılmalıdır.
Livitt The Times qəzetinin bazar günü bu mövzuda xəbər dərc etdiyini və bunun qəsdən törədilmiş bir hərəkət ola biləcəyini xatırladıb.
The Timesın xəbərində qeyd olunurdu ki, BMT-də bəzi əməkdaşlar Tramp maliyyə vəsaitlərini kəsdiyi üçün eskalatora yaxınlaşdığı vaxt onu bilərəkdən dayandırıb “BMT-nin pulu qurtardı” mesajı vermək barədə öz aralarında zarafatlaşıblar.