Süni intellekt Egey dənizində böyük maqma hərəkətini üzə çıxardı


2025-ci ilin əvvəlində Yunanıstanın Santorini adası və ətrafında qeydə alınan 28 mindən çox zəlzələnin dərinliklərdən qalxan maqmadan qaynaqlandığı müəyyən edilib.

Almaniyadakı Helmholtz Geologiya Elmləri Mərkəzi (GFZ)GEOMAR Okean Araşdırmaları Mərkəzinin rəhbərliyi ilə aparılan və Nature jurnalında dərc olunan tədqiqat süni intellekt dəstəkli məlumat analizi və dəniz dibi sensorları sayəsində bölgədəki seysmik böhranı ətraflı şəkildə xəritələndirib.

300 milyon kubmetr maqma qalxdı

Araşdırmaya görə, təxminən 300 milyon kubmetr maqma Yer qabığının dərinliklərindən qalxaraq dəniz dibinin 4 kilometr altına qədər çatıb.

Bu prosesdə maqma ətrafındakı qayaları parçalayaraq minlərlə zəlzələyə səbəb olub. Ən güclü zəlzələlərin maqnitudası 5-dən yuxarı olub.

Santorini və Kolumbo əlaqəsi

Santorini tarixi boyu çoxlu vulkanik püskürmələr yaşayıb. Yaxınlığındakı Kolumbo sualtı vulkanı da aktiv vəziyyətdədir.

Araşdırma göstərib ki, maqma hərəkəti Santorinidə əvvəlcə kiçik bir qalxmaya, daha sonra isə yenidən çökməyə səbəb olub. Bu da iki vulkan arasında əvvəllər məlum olmayan hidravlik əlaqəyə işarə edir.

Süni intellekt və dəniz dibi sensorları

GFZ komandası nəhəng seysmik məlumat dəstələrini işləyən xüsusi süni intellekt metodu hazırlayıb. GEOMAR isə Kolumbo krateri ətrafına yerləşdirdiyi dəniz dibi sensorları ilə həm seysmik siqnalları, həm də dəniz dibində 30 santimetrə çatan çökməni qeydə alıb. Bu sayədə maqma axınının vaxtı, istiqaməti və sürəti yüksək dəqiqliklə izlənib.

Gələcəyə dair xəbərdarlıqlar

Tədqiqatçılar bu cür detallı məlumatların bölgədəki vulkanların gələcək fəaliyyətlərini daha yaxşı izləməyə imkan verəcəyini bildirirlər. GEOMAR-dan prof. Haydrun Kopp deyib ki, bu nəticələr mütəmadi olaraq Yunanıstan rəsmiləri ilə müzakirə edilib. Kopp qeyd edib ki, məqsədimiz mümkün yeni zəlzələlərdə ən sürətli və dəqiq qiymətləndirməni təmin etməkdir.

Afina Universitetindən prof. Paraskevi Nomiku isə qeyd edib ki, belə aktiv geoloji bölgədə prosesləri anlamaq, insanların təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır.

Santorini və Kolumbo ətrafında elmi müşahidələr davam edərkən, mütəxəssislər bu cür tədqiqatların gələcəkdə mümkün vulkanik təhlükələrin erkən aşkar edilməsində kritik rol oynayacağını vurğulayırlar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu