"SpaceX" Starship üçün növbəti sınaq uçuşunu 13 oktyabra planlaşdırıb
SpaceX oktyabrın 13-də kosmik gəmi Starship-in prototipi ilə növbəti sınaq uçuşunu həyata keçirməyi planlaşdırır.
AFN.az xəbər verir ki, şirkətin saytında yayılan məlumata görə, 11-ci sınaq uçuşu ABŞ-ın Texas ştatındakı Starbase kosmodromundan yerli vaxtla saat 18:15-də (Bakı vaxtı ilə 14 oktyabr 03:15) baş tutacaq.
SpaceX 10-cu sınaq uçuşunun uğurunu təkrarlamağı hədəfləyir. Sınaqda Super Heavy sürətləndiricisi Meksika körfəzində yumşaq eniş edəcək, Starship isə yük bölməsindən səkkiz Starlink peyki simulyatorunu buraxmalı və Raptor mühərrikinin təkrar işə düşməsini təmin etməlidir. Həmçinin, gəmidə atmosferə daxil olarkən yük altında test aparmaq üçün termoqoruma panellərinin bir hissəsi götürüləcək, prototip isə müəyyən edilmiş nöqtədə Hind okeanına enəcək.
Martın 15-də SpaceX rəhbəri İlon Mask bildirib ki, 2026-cı ilin sonunda Starship-i insanabənzər Optimus robotu ilə Marsa göndərəcək. Onun sözlərinə görə, robotla Mars uçuşları uğurla başa çatarsa, insanlar üçün uçuşlar 2029-cu ildə həyata keçirilə bilər. Mask-ın əsas məqsədi isə 20 il ərzində Marsda özünü təmin edən şəhər yaratmaqdır.
SpaceX-in planına görə, Starship sistemi universal olacaq və müxtəlif versiyalarda Yer orbitinə pilotlu uçuşlar, peyk buraxılışları, Ay və Mars missiyaları, həmçinin digər uzaq səmavi cisimlər üçün istifadə ediləcək. Super Heavy sürətləndirici və Starship gəmisinin çoxsaylı vertikal eniş qabiliyyəti nəzərdə tutulub. Sistem ümumi hündürlüyü 121 m-dir (gəmi 50 m, sürətləndirici 71 m), diametri 9 m, daşıma qabiliyyəti isə 100–150 ton təşkil edir.

